Təhlükəli adətimiz: Oğlan uşaqları sünnət olunmalıdırmı?

Bir neçə gün öncə Azərbaycanda 8 yaşlı uşağın sünnət zamanı cinsi orqanının zədələnməsi ilə bağlı xəbərlər yayıldı. Məlum oldu ki, hadisə həkim qeyri-peşəkarlığı nəticəsində baş verib. Təəssüflər olsun ki, zaman-zaman bu cür xəbərlərlə rastlaşırıq. Hər dəfə geniş müzkirələrə səbəb olan bu cür hadisələr müxtəlif sualların meydana çıxmasına səbəb olur. Məsələn, sünnət vacibdirmi? Bu prosesin insan sağlamlığına hansısa təsiri varmı? Sünnət uşaqlardan hansısa psixoloji pozuntu yaradırmı? Ümumiyyətlə, sünnətin dini və elmi izahları varmı, varsa, nələrdir? İlahiyyatçı Elşad Mirinin sözlərinə görə, dinimizdə oğlan uşaqlarının sünnət olunmasının vacibliyi ilə bağlı heç bir təklif, əmr, tövsiyə və s. qeyd olunmayıb. O bildirib ki, ərəblərin adəti olan sünnətin geniş kütləyə yayılması, ərəb mədəniyyəti ilə İslam anlayışının qarışması insanlarda bu cür məcburiyyət hissinin formalaşmasına səbəb olub. Bəs sünnətin sağlamlığa hansısa təsiri varmı? Həkim-terapevt Həbib Sahratov bildirib ki, cinsi orqanın sünnət dərisi adlanan nahiyəsində duzlaşma, çirk toplanması ola bilər və bu səbəblə orqanın əlavə dəri hissəsi götürülür. Lakin bu prosedurun olunması insan sağlamlığı üçün həyati əhəmiyyətli hesab edilmir. Psixoloq Ülviyyə Murtuzova bildirib ki, 0-3 və 3-6 yaş aralığında olan uşaqlar görmə, dərketmə mərhələsindən keçirlər və sünnət prosesi də məhz bu dövrə təsadüf edir. Həmin duyğuların formalaşdığı zamanda isə uşaqlar belə bir fizioloji ağrıya məruz qalır və nəticədə şiddət, aqressiya kimi hisslər onlara şüuraltı təsir edir. Psixoloq tövsiyə edib ki, valideynlər xüsusilə, 3-6 yaş qrupundan olan uşaqlarla mütləq şəkildə öncədən danışmalı, həmin prosesin həyatında sadəcə bir dəfə baş verəcəyi və əhəmiyyəti barədə məlumat verməli, uşağın psixologiyasını buna hazır etməlidir.

Müəllif | Apa.Tv
Apa.tv