Tehran Mənsimov “Zəfər” xalçasının ilmələrini kəsdi

Milli Xalça Muzeyində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

APA TV-nin məlumatına görə, tədbirdə “Qarabağın xalça xəritəsi” layihəsi çərçivəsində toxunan “Zəfər” xalçasının təntənəli şəkildə dəzgahdan kəsimi mərasimi və Əməkdar rəssam Adil Şıxəliyevin müəllifi olduğu “Şuşa” adlı qobelenin təqdimatı baş tutub.


Tədbirdə Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova 44 günlük müharibə dövründə Milli Xalça Muzeyinin gördüyü işlərdən danışıb. O bildirib ki, həmin günlərdə muzey Qarabağ xalçalarının təbliği məqsədilə interaktiv “Qarabağın xalça xəritəsi”ni tərtib edib.

Sonra "Zəfər" xalçasının dəzgahdan kəsim mərasimi keçirilib. Xalçanı ilk kəsən Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Tehran Mənsimov olub.

Qeyd edək ki, "Zəfər” xalçası ideyası, eskizin hazırlanması və toxunması Azərbaycan Milli Xalça Muzeyinin kollektivi tərəfindən həyata keçirilib. Xalça muzeyinin Ənənəvi texnologiya şöbəsində 48 müxtəlif rəngli yun iplərdən istifadə olunmaqla üç ay ərzində toxunulub.

Semral Cavad,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv