Təhsil naziri: “5000 mindən çox müəllim 1000 manatdan yuxarı maaş alır”
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Təhsilin inkişaf strategiyası: Nailiyyətlər və əsas hədəflər” mövzusunda konfrans keçirilib.
APA TV-nin məlumatına görə, konfransda çıxış edən YAP icra katibi, Baş Nazirin müavini Əli Əhmədov qeyd edib ki, xalqlar elm və təhsil sayəsində inkişafa nail olurlar. Prezident İlham Əliyevin də qeyd etdiyi ki, insan kapitalının inkişaf etdirilməsi həyata keçirilən siyasətin qayəsini təşkil edir.
Daha sonra Ə.Əhmədov nəzərə çatdırıb ki, konfransın keçirilməsinin təsadüf etdiyi 24 dekabr tarixi həm də Prezident İlham Əliyevin doğum günüdür: “Azərbaycan vətəndaşları aydın şəkildə dərk edirlər ki, ölkəmizin bugünkü inkişafı, insanlarımızın bugünkü taleyi, eyni zamanda gələcək taleyi həm Heydər Əliyev siyasəti, həm də prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi ilə bilavasitə əlaqədardır. Buna görə də insanlarımız İlham Əliyevi sevir, ona inanır, ona böyük ümidlər bəsləyirlər”.
Təhsil naziri Ceyhun Bayramov bu istiqamətdə aparılan islahatlar, əldə edilən uğurlar barədə danışıb. Qeyd edib ki, təhsilin inkişafı dövlət strategiyasında əsas hədəflərdən olub: “2013-2019-cu illərdə 3300-ə yaxın məktəb tikilib və təmir olunub. Bu da bütün məktəblərin 74 faizini təşkil edir. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb, 2-ci növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizə endirilib”.
Nazir həmçinin qeyd edib ki, bu ilin sentyabrından artımlar sayəsində müəllimlərin orta aylıq əməkhaqqı 600 manata çatıb. Əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı isə təxminən 5000 nəfər təşkil edib.