Təhsil naziri dərslərin nə zaman bərpa olunacağını və ali məktəbə qəbulun vaxtını açıqladı

 

"Ötən həftə Operativ Qərargah tərəfindən qərarlar verilib. Qərara görə, ümumtəhsil müəssisələrində təlim-tədris prosesinin dayandırılması 31 maya qədər uzadılıb".

 

APA TV-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

 

O deyib ki, Operativ Qərargahda çoxsaylı müzakirələr keçirilib. Tibb bölməsində olan rəylər də nəzərə alınıb. İyunun 1-dən dərslərin bərpası nəzərdə tutulmur.

 

Nazir bildirib ki, 2019-2020-ci tədris ilinin sonu üçün hər hansı qiymətləndirmənin, böyük və kiçik summativlərin keçirilməsi nəzərdə tutulmur. O,ali tədris müəssisələrində bu tədris ilinin uzadılması nəzərdə tutulmadığını qeyd edib:

 

 “Ali məktəblərdə 176 minə yaxın tələbə təhsil alır. Onlardan 75 faizə qədəri onlayn dərslərə qoşulub. Ali məktəblərdə yay sessiyasının iyun-iyul aylarında həyata keçirilməsi nəzərdə tutulur. İxtisasların xüsusiyyətləri nəzərə alınaraq, bir sıra ixtisaslar üzrə imtahanların onlayn keçirilməsi mümkündür. Belə hal mümkün olmadıqda, imtahanlar ənənəvi qaydada təşkil oluna bilər. 

 

Ceyhun Bayramov bildirib ki, müəllimlərin müddətli müqavilə əsasında işə qəbulunun müsahibə mərhələsinə bu il onlayn formada imkan yaradılıb. İki həftə ərzində 1400-ə yaxın müəllimin daimiləşməsi  nəzərdə tutulub. Müəllimlərin yerdəyişməsi elektron formada may və iyun aylarında həyata keçiriləcək. Müəllimlərin mərkəzləşmiş qaydada iş qəbulunun bu il iyulun ikinci yarısı və avqustda keçirilməsi nəzərdə tutulur.

 

Son olaraq nazir qeyd edib ki, hərbi xidmətə getməli olan oğlan tələbələrə diplomun verilməsində hər hansı problem olmayacaq.

 

Daha sonra çıxış edən  Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 9 və 11-ci sinif üçün buraxılış imtahanları iyun ayında planlaşdırılır.

Mart, aprel, may və iyun ayında proqramda nəzərdə tutulan mövzular imtahan zamanı qiymətləndirilməyəcək. Bu aylarda nəzərdə tutulan mövzular buraxılış imtahanında qiymətləndirilməyəcək:
 
“9-cu sinif şagirdləri üçün Azərbaycan dili imtahanı kağız daşıyıcılarında keçiriləcək. İmtahana buraxılış vərəqəsini hər bir şəxs şəxsi kabinetindən əldə edəcək. Şagirdlər yaşadığı regionlarda imtahanda iştirak edəcək. Regionlar arasında şagirdlərin imtahan verməsi nəzərdə tutulmur”.

 

Sədr vurğulayıb ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. 9-cu siniflərin buraxılış imtahanlarının ikinci mərhələsi iyunda olacaq.

 

Son olaraq Məleykə Abbaszadə qeyd edib ki, sənəd qəbulu onlayn qaydada həyata keçiriləcək. O cümlədən ali məktəblərə sənəd qəbulu ilə əlaqədar yalnız regional sənəd qəbulu məntəqələri fəaliyyət göstərəcək.

 

 

Müəllif | Apa.Tv
Apa.tv