Təhsil naziri lənkəranlı müəllimlə görüşdü

Təhsil naziri Emin Əmrullayev Lənkəran rayonunun ucqar Jidi dağ kənd məktəbinə baş çəkib.

 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, nazir həmçinin son dövrdə sosial şəbəkələrdə fərqli ideyaları ilə tanınan, şagirdləri ilə səmimi ünsiyyət yaradaraq onların sevimlisinə çevrilən məktəbin müəllimi Leyla Qarazadə ilə də görüşüb, onunla söhbət apararaq fəaliyyətində uğurlar arzulayıb.

 

Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimində iştirak edən nazir yararsız vəziyyətdə olan məktəblərlə bağlı məsələyə münasibət bildirib. Onun sözlərinə görə, məktəblər müəyyən prioritetlik əsasında illər üzrə təmir olunur: “Bu mənada təbii ki, şagird sayı, həmin bölgələrin paylanması, yəni eyni anda bir bölgədə bütün məktəbləri deyil, heç olmasa, hər rayonda, şəhərdə 1-2 məktəbi, vəziyyətə uyğun olaraq, bəzən bu say yuxarı da olur. Eyni zamanda məktəbdə, məktəbin yerləşdiyi kənddə başqa məktəb var, yoxsa yoxdur prinsipidir və təbii olaraq maliyyə resurslarımızın mövcudluğunu nəzərə alaraq. Bu meyarlar əsasında növbəli əsasla biz məktəblərin, ya əsaslı təmirini, ya da sökülüb yenidən tikilməsini həyata keçiririk.”

 

Nazir bildirib ki, indiyə kimi 3 500-dən artıq məktəb əsaslı təmir olunub və ya yenidən tikilib:“Ümumilikdə, ölkə rəhbərliyinin müvafiq tapşırıq və sərəncamları əsasında hər il Azərbaycanda təxminən həm Təhsil Nazirliyi, həm Heydər Əliyev Fondu tərəfindən 100-ə qədər məktəb əsaslı təmir olunur və ya yenidən tikilib şagirdlərin istifadəsinə verilir. Son illər ərzində 3 500-dən artıq məktəb əsaslı təmir olunmuş və ya yenidən tikilərək Azərbaycan təhsil sisteminə verilmişdir.”

 

Qeyd edək ki, əsaslı təmir olunan Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəb 1 176 şagird yerlikdir. 31 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 6 laboratoriya, 2 peşə təmayüllü sinif, 2 texnologiya, 2 informatika, çağırışaqədər hazırlıq kabineti, şahmat kabineti, məktəbəhazırlıq otağı, 210 nəfərlik akt zalı, idman zalı, kitabxana və 144 yerlik yeməkxana fəaliyyət göstərəcək. Həmçinin məktəbdə STEAM Mərkəzi də fəaliyyət göstərəcək. Lənkəran rayonunun kəndlərindən, eləcə də Masallı, Astara, Lerik və digər qonşu rayonlardan olan məktəblilərin də bu Mərkəzdən faydalanması nəzərdə tutulur.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Lənkəran

 

Müəllif | Apa.Tv
Apa.tv