Təhsil naziri şagirdlərə və valideynlərə videomüraciət etdi
Təhsil naziri Ceyhun Bayramov şagirdlərə və valideynlərə videomüraciət edib.
APA TV-nin məlumatına görə, müraciətdə deyilir ki, UNESCO-nun məlumatına əsasən, hazırda dünyada 100-dən çox ölkədə 800 milyondan artıq şagird və tələbə təhsildən kənar qalıb.
Nazir həmçinin qeyd edib ki bir çox ölkələrdə koronavirus infeksiyası insanların gündəlik həyatına mənfi təsir edib, məktəblər və digər təhsil ocaqları bağlanıb. Bu təsir ölkəmizdən də yan keçməyib. Bu səbəbdən bütün təhsil müəssisələrində təlim və tədris prosesi dayandırılıb. Hər gün məktəbə getməyə vərdiş etmiş uşaqlar hazırda evdədirlər.
Lakin onların təhsildən geri qalmaması, vaxtlarını səmərəli keçirməsi məqsədilə məsafədən tədrisin təşkili ilə bağlı bir addım atılıb. Martın 11-dən etibarən “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” verilişi çərçivəsində teledərslərin yayımına start verilib. Teledərslər bütün sinifləri və əksər fənləri əhatə edib: “Ümidvaram ki, bizim şagirdlərimiz bu fürsətdən istifadə edərək sinif otaqlarında keçməli olduqları dərsləri ev şəraitində müəllimlərin verdikləri izah və təlimatlara uyğun olaraq yerinə yetirərək, tədrisdə yaranan fasilədən sonra sinif otaqlarına hazırlıqlı qayıdacaqlar” deyə nazir vurğulayıb.
Ceyhun Bayramov həmçinin bildirib ki, bu işdə valideynlər övladlarına yaxından dəstək olmalı, onların ev şəraitində təhsilə vaxt ayırmalarına şərait yaratmalıdılar: “Əminəm ki, yaxın zamanlarda bütün işlər öz axarına qayıdacaq, təhsil müəssisələrində dərs prosesi bərpa olunacaq”.