Təhsil naziri: “Yeni imtahan modelinə ehtiyac var”
“İmtahan modellərinin dəyişdirilməsi təhsil sistemində tez-tez baş verən proses deyil. Uzun illər bu barədə danışarkən, əsasən imtahanın dürüstlüyü, ədalətliliyi prinsiplərinə diqqət etmişik”.
APA TV-nin məlumatına görə, bu sözləri Təhsil naziri Ceyhun Bayramov deyib.
Əlavə edib ki, uzun müddət ərzində ölçülməyən biliklər unudula bilər: "Ona görə də bu gün əmək bazarında tənqidi təfəkkür, qeyri-standart yanaşma, komandada işləmək, kreativlik və bir sıra bu kimi kompetensiyalara diqqət yetirdikdə görürük ki, məzunlarımızın bu sahədə kifayət qədər çox axsadığı istiqamətlər mövcuddur. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, yeni imtahan modelinin tətbiqinə çox ciddi ehtiyac var".
Bakıda keçirilən "Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" adlı konfransda Prezident Administrasiyasının Qeyri-hökümət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, qlobal informasiya mühitində insan kapitalı iqtisadi tərəqqi və inkişafın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur. Bu gün insan kapitalına investisiya dövlətin ən gəlirli investiyalarından biri hesab edilir.
Sədaqət Yusifova əlavə edib ki, passiv təhsildən aktiv təhsilə keçid 2030-cu ilə qədər yekunlaşmalıdır.