Təhsil nazirindən təklif: “Son zəng” onlayn keçirilsin!

"Pandemiya ilə bağlı mübarizədə Azərbaycan dövləti bir sıra ilklərə imza atıb. Azərbaycan əvvəldən koronavirusa qarşı mübarizədə bir sıra tədbirlər gördü və dünya ölkələri də bu təcrübədən istifadə etdi".

APA TV-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, koronavirusun geniş yayılmasının qarşısını almaq üçün martın 2-dən Azərbaycanın bütün ərazisində təhsil prosesi dayandırılıb: "Bu, pandemiyaya qarşı mübarizədə ən birinci qəbul edilən qərarlardan idi. Bu qərar qəbul edilən zaman dünyanın cəmi 12 ölkəsi oxşar qərarı qəbul edirdi. Daha sonra dünyanın 191 ölkəsi belə qərar verdi. Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir". 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Nazirlər Kabinetinin aprelin 27-dən etibarən yumşaldılma tədbirlərinin həyata keçirilməsi çərçivəsində repititorların fəaliyyətinə icazə verilməsinə diqqət çəkərək, valideyn və müəllimlərə müraciət edib: “Hazırda ölkəmizdə tətbiq olunan mövcud karantin rejiminin tələblərini gözləməyi və sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq onlayn dərslərin tətbiqinə geniş yer verilməsinə üstünlük verərdim. Valideynlərdən, şagirdlərdən və müəllimlərdən bu imkanlardan daha geniş istifadə etməyi xahiş edərdim”.

Ceyhun Bayramov qeyd edib ki, hərbi xidmətlə bağlı tələbələrə imkan yaradılması məsələsi hökumət qarşısında qaldırılacaq.

Təhsil naziri bu il “Son zəng” tədbirinin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib. Bildirib ki, hər kəsin həyatında “Son zəng” xüsusi yer tutur: “Amma prioritetləri düzgün müəyyən etməliyik. 11-ci sinif şagirdləri kifayət yetkin insanlardır. Bu tədbiri daha sonrakı mərhələdə də keçirmək olar. Onu da istisna etmirəm ki, bizim bəzi şagirdlərimiz kreativlik nümayiş etdirərək onlayn rejimdə də bunu keçirə bilərlər. Mən düşünürəm ki, bu müddət ərzində hər birimiz məsuliyyət nümayiş etdirərək böyük kütləvi tədbirlərdən çəkinməliyik”.

Yay tətilinin ləğv olunma ehtimalına da münasibət bildirən Ceyhun Bayramov deyib ki, bütün mövcud real vəziyyət, yerli kontekst, insanların təhlükəsizliyi, şagirdlərin marağı, bütün prioritetlər nəzərə alınaraq dərslərin başlanması müddəti ilə bağlı qərar veriləcək.

Müəllif | Apa.Tv
Apa.tv