Təhsil Nazirliyi kəsri olan tələbələrin təqaüd məsələsinə aydınlıq gətirdi

Təhsil Nazirliyi son günlər kəsiri olan tələbələrə təqaüd verilməyəcəyi məsələsinə aydınlıq gətirib.

 

APA TV-nin verdiyi məlumatına görə, Nazirliyin Elm Sektorunun müdiri Əfqan Abdullayev bildirib ki, tələbə təqaüdləri ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur. Bununla bağlı Nazirlər Kabinetinin qərarı var: "Nazirlər Kabinetinin 4 mart 2020-ci il 78 saylı qərarında göstərilir ki, cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni dinləmədən imtahan verərək və ya yay semestrində dinləyərək müvəffəq qiymət almış tələbə növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilmir”.

 

Bu o deməkdir ki, əgər bu tələbənin heç bir göstəricisi yoxdursa, deməli onun akademik borcu yaranır. Əfqan Abdullayevin sözlərinə görə, akademik borcu yaranan tələbə isə növbəti semestrdə təqaüd almaq hüququnu itirir. Ancaq son zamanlar guya tələbələrin təqaüddən məhrum edilməsi barədə məlumatlar yayılıb: “Xeyr, tələbələr təqaüddən məhrum edilmir, təqaüd alan tələbələrin sayı olduğu kimi qalır. Sadəcə olaraq göstərilən səbəblərdən kəsirləri yaranan tələbələr, təqaüd alan tələbələr siyahısına daxil edilmirlər. Əgər növbəti semestrlərdə onların heç bir akademik borcu olmasa, şübhəsiz ki, həmin tələbələr digərləri kimi təqaüd almaq hüququna malik olacaqlar”. 

 

Qeyd edək ki, ötən ilin mart ayından Prezidentin sərəncamı ilə həm ödənişli yerlərin, həm də təqaüd alan tələbələrin sayı artırılıb.

 

Səfər Əlizadə

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv
Apa.tv