Təhsil Nazirliyi koronavirus təhlükəsi ilə bağlı görülən tədbirləri açıqladı
"Koronavirusla bağlı məsələ ilk gündən diqqət mərkəzindədir. Yanvarın 30-dan başlayaraq Nazirlər Kabineti tərəfindən müvafiq dövlət strukturlarına tapşırıq verilib. Fevralın 24-dən Təhsil Nazirliyinin rayon və təhsil şöbələrinə müvafiq məktublar göndərilib".
APA TV-nin məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb, bu proses növbəti günlərdə də davam edəcək: "Təhsil Nazirliyinin Aparat rəhbərinin müvafiq təlimat məktubunda kütləvi tədbirlərin məhdudlaşdırılması da qeyd edilib. Fevralın sonunda 7 gün 24 saat fəaliyyət göstərən qaynar xətt yaradılıb, əmrə uyğun olaraq bütün təhsil müəssisələrində koronavirusun profilaktikası ilə bağlı məlumatların çatdırılması tapşırılıb".
Bu günlərdə ən çox müzakirə olunan məsələnin təhsil müəssisələrinin bağlanın-bağlanmayacağı olduğunu deyən nazirlik rəsmisi qeyd edib ki, bütün təhsil müəssisələrinin bağlanması ilə bağlı qərar yoxdur. Əgər bununla bağlı hər hansı qərar və ya müvafiq tapşırıq olarsa, məlumat veriləcək.
Sektor müdiri sosial şəbəkədə Göyçay rayonundakı 7 saylı tam orta məktəbdə dezinfeksiya işləri ilə bağlı yayılan fotoya da münasibət bildirib: "Sosial şəbəkələrdə Göyçayda məktəbdə qadın əməkdaşın plastik qabda sinif otaqlarının qapısını dezinfeksiya etməsi fotosunu görmüşük. Məsələ ilə bağlı müvafiq şöbə tərəfindən araşdırma aparılır. Ola bilər ki, şəxsin öz təşəbbüsü olub. Məlumdur ki, dezinfeksiya işləri Bakıda və bölgələrdə sanitar epidemioloji stansiyalar tərəfindən aparılır. Bu da dövlət tərəfindən həyata keçirilir".
Cəsarət Valehov dərsdən qalan şagirdlərdən koronavirus təhlükəsi ilə əlaqədar həkimdən sağlamlıq haqqında arayış tələb olunması ilə bağlı hər hansı qərarın qəbul edilmədiyini də deyib.
İlahə Vəliyeva
Musa Qulammirzəyev
APA TV