Təhsil Nazirliyi müəllimlərlə bağlı qərar verdi – ONLAYN MÜSAHİBƏLƏR KEÇİRİLƏCƏK

"Cari tədris ilində mövcud vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrin təşkili mümkün olmayıb. Buna görə də namizədlərlə onlayn müsahibələr barədə yeni qərar qəbul edilib".

 

APA TV xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

 

Onun sözlərinə görə, onlayn müsahibələrdə iştirak etmək üçün namizədlərin şəxsi səhifələrinə təlimatlar artıq yüklənib: "Müəllimlər dünən gecə saatlarından onlayn müsahibədə iştirakları barədə təsdiq mesajını göndərə bilirlər. Bu proses mayın 1-nə kimi davam edəcək. Hazırda ölkə üzrə müddətli müqavilə əsasında çalışan 1400 müəllim bu müsahibələrdə iştirak edə bilər".

 

Şöbə müdiri həmçinin bildirib ki, bunun üçün “Microsoft Team” mobil tətbiqini telefona yükləmək kifayətdir və müəllimlər eyni qayda ilə göndərilən linkə daxil olaraq müsahibəyə qoşula biləcəklər.

 

Qeyd edək ki, müsahibələrə ilkin mərhələdə Bakıda başlanılacaq və hazırda paytaxtda 300-ə yaxın belə müəllim var.

 

Mir Çingiz Ağazadə

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv
Apa.tv