Təhsil Nazirliyində əcnəbi tələbələrin iştirakı ilə Xocalı şəhidləri yad edilib
Təhsil Nazirliyində Azərbaycanda oxuyan əcnəbi tələbələrin iştirakı ilə Xocalı faciəsinə həsr olunan tədbir keçirilib.
APA TV-nin məlumatına görə, tədbirin məqsədi əcnəbi tələbələrin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması olub.
Tədbirdə əslən Xocalıdan olan, Corc Vaşinqton Universitetinin magistri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi Nərmin İbrahimova və ABŞ-ın Sirakuz Universitetinin fəlsəfə doktoru, ADA Universitetinin müəllimi Gülməmməd Məmmədovun yaddaş hekayələri dinlənilib.
Özbəkistanlı tələbə Caqbarova Nərgizə belə tədbirlərin Xocalıda törədilən soyqırımı tanıtmaq baxımdan vacib olduğunu qeyd edib: “Azərbaycan Dillər Universitetinin dördüncü kurs tələbəsiyəm. Beynəlxalq Münasibətlər üzrə. Bir çox kitab və mənbələrdən oxuduğumuz qədərilə Xocalı soyqırımı Azərbaycanda törədilmiş dəhşətli soyqırımlardan biridir və burada 613 nəfər həlak olub. Azərbaycan isə gözləmə mövqeyindədir, biz bilirik ki, Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsinin həlli tapılacaq. Belə tədbirlər xüsusən tələbələr üçün çox faydalıdır. Məsələn, dünyagörüşümüzü daha çox inkişaf etdirir və soyqırım haqqında daha çox məlumatlar əldə edirik”.
İraqlı tələbə Şəhla əl-Hüseyn isə Xocalıda törədilənləri öz ölkəsində baş verənlərlə müqayisə edib: “Mən İraqlıyam. Memarlıq və İnşaat Universitetində təhsil alıram. Biz bu gün bura Xocalı soyqırımına həsr olunmuş tədbirdə iştirak edərək, ermənilərin Azərbaycana necə hücum etdiyini, nə qədər insanı qətlə yetirdiyini bilmək üçün gəlmişik. Bu, çox pis hadisədir. Buna görə çox üzgünəm. Öz uşaqlığımı xatırlayıram və mən də eyni hissləri keçirmişəm. İstərdim ki, bütün insanlar güvəndə olsun və müharibələr bitsin. Bu gün dünyamızın çoxlu problemləri var. Elə bizim ölkədə də eyni problemlər var. Mənim ölkəmin şimal hissəsində yaşayan xeyli insan hazırda düşərgələrdə yaşayır və onların da su, yeməklə bağlı ciddi çətinlikləri var. Onlar, normal həyat yaşaya bilmirlər. Düşünürəm ki, bu tədbirin müxtəlif ölkələrdən gəlmiş tələbələrə Azərbaycanın tarixi haqqında məlumat vermək cəhətdən önəmi böyükdür”.
Qeyd edək ki, tədbirdə 100-ə yaxın əcnəbi tələbə iştirak edib.
Mir Çingiz Ağazadə
Üzeyir Ağayev
APA TV