19:22 25 noyabr 2021 182
Ana səhifə Xəbərlər

Təhsil tələbə kreditindən kimlər yararlanacaq?

“Təhsil tələbə krediti bir çox insanın təhsil almaq imkanını artırır. Digər məqsəd sosial çətinliklərin aradan qaldırılmasıdır".

APA TV-nin məlumatına görə, bunu Təhsil Tələbə Krediti ilə bağlı keçirilən tədbirdə Təhsil nazirinin müavini İdris İsayev bildirib.

O qeyd edib ki, təhsil tələbə kreditlərinin alınması üçün tələbə tədrisə tam cəlb olunaraq təhsil müəssisəsində əyani təhsil almalıdır: “Kredit hər semestr üzrə veriləcək. Akademik borcu olanlar bundan yararlana bilməyəcək. TTK sığortalanır, banklar vasitəsilə manatla veriləcək. Kredit sistemi Azərbaycan vətəndaşlarına verilir. Bakalavr, magistratura, orta ixtisas, peşə təhsili, rezidentura səviyyələrində təhsil alanlar bu kreditdən istifadə edə biləcək".

Nazir müavini bildirib ki, bakalavriat səviyyəsi üçün 300-700 bal, magistratura səviyyəsi üçün 50-100 bal, subbakalvriat səviyyəsi üçün 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola bilərlər: “Azərbaycanda təhsil haqqı təhsil səviyyələrindən asılı olaraq 400-10000 manat aralığında dəyişir. Aktuar hesablamaların nəticəsi nəzərə alınaraq, TTK Fondunun himayəçilik Şurası Nazirlər Kabineti ilə razılaşdıraraq təhsil tələbə kreditləri üzrə faizləri təsdiq edib. Bu faizlər sosial təhsil tələbə krediti üzrə illik 2 faiz, standart təhsil tələbə krediti üzrə isə 6 faizdir”.

Təhsil nazirinin müavini bildirib ki, Azərbaycanda 146 min 373 tələbə ödənişli əsasla təhsil alır: “Onlardan 98 430 nəfəri bakalavriat, 12051-i magistratura, 35892-si subbakalavriat üzrə təhsil alandır. Ödənişli təhsil alan tələbələrdən 20200 nəfəri dövlət hesabına təhsil alır. Onlardan 17500-ü bakalavriat, 1200 magistratura, 1500-ü subbakalavr üzrə təhsil alandır. Təhsil haqqı ödəyən tələblərin sayı 126173 nəfərdir. Onlardan 80930-u bakalavriat, 10851-i magistratura, 34392 nəfəri subbakalavriat üzrə təhsil alır. Bunlardan təhsil tələbə krediti almaq hüququ olanlar 56208 tələbədir. Həmin tələbələrin 40465 nəfəri bakalavriat, 5426 nəfəri magistratura, 10317 nəfəri isə subbakalavriat üzrə təhsil alır".

İdris İsayev deyib ki, təhsil tələbə krediti uzunmüddətlidir. Təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır. Onun sözlərinə görə, təhsil dövründən sonra iki illik möhlət verilir ki, həmin tələbə əmək bazarına keçid etsin: “Bəzi hallarda təhsil tələbə kreditinin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır.

Bunlar aşağıdakılardır:

-Yuxarı təhsil səviyyəsində əyani təhsil

- həqiqi hərbi xidmət,

- məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması),

- işləyən borcalanın hamiləliyə, doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü ödənişli sosial məzuniyyətdə olduğu müddət və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə qulluğu olan müddəti”.

Təhsil tələbə kreditinin hansı müddətə verildiyinə gəlincə isə İdris İsayev bildirib ki, bu müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır: “Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə bu müddət 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbəyə 12-19 il ola bilər. Təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur. Tələbənin gələcəkdə krediti qaytarmaması halı olarsa, məhkəmə ilə geri alınacaq. Akademik borcu olan tələbələrə təhsil tələbə krediti verilməyəcək. Çünki tələbə kreditinə müraciət vaxtı son semestr üçün olan nəticələrə baxılır”.

Təhsil nazirinin müavini deyib ki, təhsil tələbə krediti yalnız təhsil haqqı üçün nəzərdə tutulub. Onun sözlərinə görə, krediti yalnız Azərbaycan ali təhsil müəssisələrində təhsil alan vətəndaşlarımız ala bilər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın