Təhsilimizin bu günü və ya bizə diplom lazımdırmı?

Bir neçə il öncə Təhsil Nazirliyi yanında ictimai şuranın sədri, professor Şahlar Əsgərov məlum fikirləri ilə gündəmdə az-çox çalxalanmaya səbəb olmuşdu. Lakin həmin məqaləni yenidən müzakirə predmetinə çevirən səbəb son iki il ərzində bütün dünyanı alt-üst etmiş koronavirus pandemiyasıdır. Əvvəllər uğurlu karyeraya aparan yol universitet darvazasından keçirdisə, indi hətta əcnəbi təhsil müəssisəsinin tələbəsi olmaq üçün belə qürbətdə oturub vətən həsrəti çəkmək lazım deyil. Bəzən görürsən, oxuduğun ali məktəbi yarımçıq qoymaq ömrünü dəftər-kitab içində çürütməkdən daha faydalı olur. Mark Zakrbörq,  Bill Qeyts, Ledi Qaqa... və hələ adını çəkmədiyimiz onlarla şəxs bu ehtimalları əyani sübut etmiş milyarderlərdir...

 

“Ölkədə öz ixtisası üzrə işləməyən minlərlə insan var və burada maraqlı bir sual ortaya çıxır ki, əgər bu qədər adam fərqli ixtisaslar üzrə çalışır və ali təhsilli də deyillərsə, bəs onda ali təhsilin önəmi nədir?  Bu bizim üçün nə qədər önəmlidir? İndi onu vətəndaşlardan öyrənəcəyik”.

 

Vətəndaşların bəziləri deyir ki, ali təhsil əvvəl nəsə verirdi adama, amma indi vermir.

 

Bəziləri isə düşünür ki,  ali təhsil sadəcə diplom almaq üçündür.

 

Əksini düşünənlər də var. Sakinlərdən birinin sözlərinə görə, ali təhsil insana ali təhsil verir, həm baxımlı olursan: “Necə deyərlər, uşaqlarını onun kimi... Təhsil çox şey deməkdir. Amma necə, nə cür deyim, bilmirəm. Lazımlı bir şeydir”.

 

Göründüyü kimi, vətəndaşların bir çoxu ali təhsilin önəmini ya baxımlılıq, ya diplom, ya da iş tapmaq potensialı kimi görür. Bəs ali təhsil doğrudanmı dəyərini itirib? Şahlar Əsgərovun dediklərinə inansaq, bu bir neçə ildə durum daha da pisləşib və ali məktəblər müasir dünya ilə ayaqlaşa bilmir.

Professor Şahlar Əsgərovun fikrincə isə, sahələrarası elm, yaxud fənnlərarası elmi sahələr daha perspektivlidir: “Yəni, məsələn, fizikanı öyrənmisinizsə, burada uğur qazanmaq üçün başqa bir sahəni öyrənəcəksinizsə, onda bu iki sahənin qovuşduğu yerdə yeni bir elm yaranır (məsələn, ekonomfizika). Bu zaman da siz həmin sahənin aparıcı adamına çevrilə bilərsiniz. Ona görə düşünürəm ki, universitetlər elmləri tükənir”.

 

Təhsil Eksperti Kamran Əsədov isə dünya və Azərbaycanı eyni tərəziyə qoymağın tərəfdarı deyil. Onun fikrincə, pandemiya dövrü ölkəmizin nə distant, nə də ənənəvi tədris metodu sarıdan uğur qazana bilmədiyinin dəlilidir.

 

Təhsil eksperti Kamran Əsədov  isə deyir ki,  Azərbaycan buna hazır deyil: “Biz bu gün görürük ki, universitetlər artıq onlayn tədrisdə effekt ala bilmədilər. Məcburiyyətdən ənənəvi dərsə qayıtdılar. Amma dünyanın inkişaf etmiş ölkələri başa düşdü ki, xərcləri azaltmaqla daha çox gəlir qazanmaq olar və buna daha artıq insan qoşula bilər”.

 

Lakin Kamran Əsədova görə, universitetlərin effektivliyini itirməsi birbaşa tələbatlardan qaynaqlanır. Məsələn, Ali təhsil müəssisələri qarşısında qoyulan şərtlər dəyişsə də, görünür, elm ocaqları yeni standartlara cavab verməyə söz də tapmır, metod da... Dolayısıyla, ali təhsil ehtiyacı həyat şərtlərini yaxşılaşdırmaqdan çox iş tapmağa hesablanıb. Yəni, Nizami Gəncəvinin təbirincə desək, qüvvət elmdədir, ancaq bacaran başqa cür də üstünlük eləyə bilər: “Universitetlər əmək bazarı şərtlərinə cavab vermirlər. Ayaqlaşmırlar. Bizdə iş adamlarından elə bilik və bacarıqlar tələb olunur ki, universitetlər bunu bizə vermirlər. Axı mənə bu bacarığı verməmisənsə, onu necə geri ala bilərsən? Misal üçün, Təhsil Nazirliyi özü üçün müəllim seçir, amma müəllim heç özü o tələb etdiyi standartlara cavab vermir”.

 

Təhsil texnoloqu Şəmil Sadiq isə daha inqilabi düşünür. Onun fikrincə, yaxın onilliklərdə ali təhsil müəssisələrinin fəaliyyət sahəsində köklü dəyişikliklər gözlənilir: “Yeni kadr yetişdirməkdə universitetlərin rolunun az olduğu aşkara çıxır. Məsələn, baxın, dörd-beş il oxuyub gedib hardasa elektrik işləmək, operator işləmək, xəzinədar və yaxud qaynaqçı və ya mühəndis işləmək üçün universitet oxumaq vaxt itkisidir. Mən Koreyada oldum, araşdırdım, orada universitetlərdən daha çox kurslar var. 3-6 aylıq kurslar ilə sən hansısa bir peşəni öyrənib, ondan dolanışığını təmin edəcək qədər maaş ala bilirsən”.

 

Texnoloq Azərbaycanın da yaxın gələcəkdə bu tendensiyaya qoşulacağını düşünür. O hətta cari peşə məktəblərinə artan tələbatın da sözügedən dəyişikliklərlə bağlı olduğunu deyir. Hər halda, avtobus qapıları, dayanacaq şüşələri, küçə divarlarına yapışdırılan kurs elanlarını görmək az qalsın, gündəlik vərdişlərimizdən birinə çevrilibsə, deməli, hər üç ekspertin fikirləri uzlaşıb gələcəyin təhsil modelinin parçalarını özündə birləşdirir. Bura qədər hər şey ideal görünür. Yeni model sözü adamın ağzına lap yağ kimi yaxılır. Ancaq yuxunun ən şirin yerində zəng çalır və tez-bazar oyanıb dərsə yollanırsan ki, getməsən, qayıb yazılacaq. Əşi, axırıncı kursdur da. Bu semestri də bitirim, diplom alan kimi gedərəm xaricə... Hə, necədir? Tanış gəlir?

 

Mir Çingiz Ağazadə

Fariz Quliyev

APA TV

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv