Tələbələrin yataqxana problemi necə həll ediləcək? - YENİ QANUN LAYİHƏSİ HAZIRLANIR

”Ali təhsil müəssisəsi təsis edilərkən yataqxana fondunun olması zəruri şərt olacaq”.

APA TV-nin məlumatına görə, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupu tərəfindən hazırlanmış və bu günkü iclasında müzakirəyə çıxarılan qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ali təhsil müəssisələri, qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq yaşayış yerinə ehtiyacı olan tələbələri yataqxanada yerləşdirməlidirlər. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həssas kateqoriyadan olan
tələbələr yataqxanalarda yaşayış yeri ilə ilk növbədə təmin ediləcəklər.

Maraqlıdır görəsən vətəndaşlar yeni qanun layihəsi haqqında nə düşünürlər?

Sakinlər yeni qanun layihəsi qəbul ediləcəyi təqdirdə tələbələrin yataqxana probleminin həll ediləcəyini bildirdilər.

Deputat Ceyhun Məmmədovun sözlərinə görə, indiyə kimi “Təhsil haqqında” qanun olsa da “Ali təhsil haqqında” qanun mövcud deyildi. Sözügedən qanun təhsilin inkişafı üçün geniş imkanlar vəd edir: ”Sosial evlər nəzərdə tutulub, daha çox maddi imkanı aşağı olan ailələr üçün, bu da valideynlərin yaralı yerlərindən biridir. Çünki yataqxana məsələsi tələbələrimizin üzləşdiyi ən böyük problemdir. Çünki bəzi tələbələr var ki, universitetə qəbul olur, amma təhsil haqqını və kirayə qalmaq məsələsinə görə təhsilin davam etdirə bilmir”.

Ceyhun Məmmədov deyir ki, sosial yataqxanalar dünyanın bir çox ölkəsində var. Ölkəmizdə yeni yaradılacaq sosial yataqxanalarından, tələbələr güzəştli şərtlərlə yararlana biləcək. Lakin bu yataqxanalara qəbul ediləcək tələbələr ciddi araşdırıldıqdan sonra yerləşdirmə prosesi aparılacaq: ”Sosial yataqxanaların nəzərdə tutulduğu həssas qruplar içində şəhid ailələri də ola bilər, şəhid ailəsi olmasa belə, maddi vəziyyəti aşağı olan ailələrin övladları da yararlana biləcək. Bütün bu addımlar reallaşdıqdan sonra, onların təhsilində ciddi artım göstərəcək”.

Təhsil üzrə ekspert Kamran Əsədov isə Azərbaycanda cəmi 12 universitetin yataqxanasının olduğunu bildirir. Bu isə olduqca azdır. Beynəlxalq reytinqlərdə isə yataqxanası olan universitet daha çox prestejli təhsil ocağı kimi qəbul edilir. Ekspert düşünür ki, problemin həlli üçün bir vaxtlar məcburi köçkünlərin yaşadığı tələbə evləri yenidən bərpa olunmalıdır: ”Paytaxtın mərkəzində yataqxana tikintisi yerin baha olması səbəbindən perspektivli deyil. Əvəzində ali təhsil ocaqları, hər bir universitetin yaxınlığında tikilən binaların ən azından iki mərtəbəsini ala bilərlər. Bununla yanaşı, paytaxtda bir çox universitetin binasında zamanla məcburi köçkünlər yaşadığı üçün onların da təmirə ciddi ehtiyacı var”.

Qeyd edək ki, yataqxanada yaşayan hər bir tələbə ilə qanunvericiliklə müəyyən edilmiş qaydada kirayə müqaviləsi bağlanacaq. Yataqxanadan istifadəyə görə ödənişin məbləği təhsil müəssisəsinin Azərbaycan Tələbə Birliyinin rəyi nəzərə alınmaqla, universitet tərəfindən müəyyən ediləcək.

Müəllif | Apa.Tv
Apa.tv