Telefonun adapterini “tok”a taxdılar, ev partladı – Kürdəmirdə dəhşət
Kürdəmirdə evdə yanğın baş verib. Hadisə rayonun Çöhranlı kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Vüsal Hətəmxan oğlu Zərbəliyevə məxsus 1 mərtəbəli, 4 otaq və artırmadan ibarət olan evin yataq otağında yanğın baş verib. Yanğın qonşular tərəfindən söndürülüb. Əvvəlcə qaz balonunun partlaması nəticəsində yanğının baş verməsi göstərilsə də, sonradan qonşular hadisənin elektrik naqillərində baş verən qısaqapanma nəticəsində olduğunu ehtimal etdiklərini bildirdilər. Hadisə zamanı Vüsal Zərbəliyev və onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Şəbnəm Xidmət qızı Zərbəliyeva ağır yanıq xəsarətləri alıblar. Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilsə də, vəziyyətləri ağır olduğundan müalicələrini davam etdirmək məqsədi ilə Bakıdakı yanıq mərkəzinə göndəriliblər. Onlar aldığı xəsarətlərdən yerləşdikləri xəstəxanada ölüblər. Hadisənin baş vermə səbəbləri kimi bir neçə məlumat yayılıb. Kimisi Vüsal Zərbəliyevin yanan həyat yoldaşını xilas edərkən su əvəzinə çaşıb benzin tökdüyünü bildirir, kimi isə yanğının telefonun batareyasını doldurmaq məqsədilə adapteri elektrik cərəyanına qoşduqları vaxt baş verdiyini deyir. Faktla bağlı araşdırma aparılır. Zahid Abışov. Devran Əsgərov