Təmir sexi, çay evləri və digər obyektlərdən oğurluq edənlər yaxalandı - LƏNKƏRANDA
Lənkəranda mağaza, təmir sexi, çay evləri və digər obyektlərdən oğuluq edən şəxslər saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Nail İsmayılov yaşadığı Kərgəlan kəndində ona məxsus mağazadan ümumilikdə 1032 manat dəyərində pul, kameraların yaddaş kartı, danışıq kartları və müxtəlif növ ətirlərin oğurlandığı barədə Polis Şöbəsinə müraciət edib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Kərgəlan kənd sakini Rahim İbadov saxlanılıb.
Araşdırma zamanı onun kəndin ərazi icra nümayəndəliyinin inzibati binasından, bir çayxanadan və bir qeyri-yaşayış sahəsindən, həmçinin Talışlı kəndində yerləşən avtomobil təmiri sexindən ümumilikdə dəyəri 3410 manat olan notebook, printer aparatı, internet modemi, nəzarət kameraları, yaddaş bloku və digər avadanlıqlar oğurladığı da məlum olub.
Keçiirilən digər əməliyyat zamanı isə şəhər ərazisində və Aşağı Nüvədi qəsəbəsindəki çay evlərindən ümumilikdə 2470 manat dəyəri olan televizor, rəqəmsal aparat və samovar oğurlayan rayon sakini Qəhrəman Həsənov saxlanılıb.
Hər iki şəxsdən oğurladığı əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV