Təqaüd proqramı ilkin mərhələdə 32 nəfəri əhatə edəcək
"Əmanətə sədaqət" devizinə əsaslanan “Azərlotereya” Qarabağ müharibəsi şəhidlərinin övladlarının parlaq gələcəyi naminə onları təqaüdlə təmin edəcək. Təhsil təqaüdü Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərclərinin qarşılanmasını nəzərdə tutur.
“Azərlotereya” ASC-nin ictimaiyyətlə əlaqələr mütəxəssisi Fidan Əliheydər deyir ki, məqsədləri şəhid ailələrinin sosial müdafiəsi, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin prioritet siyasətinə dəstək göstərmək, həmin ailələrin qayğı ilə əhatələnməsinə xidmət etməkdir: “Ölkəmizin inkişafı naminə təhsilin önəmini nəzərə alaraq “Azərlotereya”nın təqaüd proqramı da şəhid övladlarının gələcəkdə uğurlu karyera qurmasında əhəmiyyətli rola malik olacaq”.
Təhsil Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçiriləcək layihə ilkin mərhələdə 32 nəfəri əhatə edəcək ki, onlardan 25-i Azərbaycanda, 7-si isə hazırda Türkiyədə təhsil alır.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin aparıcı məsləhətçisi Səbinə Ənvərlinin sözlərinə görə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 1993-cü ildən bəri şəhid övladlarının təhsil haqqları dövlət hesabına ödənilir: “Ancaq bilirik ki, təhsil xərcləri yalnız təhsil haqqından ibarət deyil. Buraya tələbələrin təhsil aldıqları müddətdə müəyyən yaşam xərcləri də daxildir ki, məhz bu xərclərin də sözügedən sosial layihə çərçivəsində Azərlotereya tərəfindən qarşılanması nəzərdə tutulmuşdur”.
“Azərlotereya”nın təqaüd proqramı cari və növbəti illərdə Azərbaycanda və Türkiyədə ali təhsil almaq istəyən şəhid övladlarına da şamil olunacaq.