Ter-Petrosyanın şifrəli danışığı: Ya sülh müqaviləsi, ya da Ermənistanın məhvi… - APA TV

“İndi çətin qərarlar zamanıdır, həm Azərbaycanla, həm də Türkiyə ilə müqavilələr imzalanmalıdır, alternativ yoxdur. Əgər bu sənəd imzalanmasa, iki qonşu ilə sülh bağlanmasa, biz yenidən dövlət qurmalıyıq”.

 

APA TV xəbər verir ki, bunu Ermənistanın İctimai televiziyasına müsahibəsində ölkənin birinci prezidenti Levon Ter-Petrosyan deyib.

 

O əlavə edib ki, Bakı və Ankara ilə problemlər həll olunmasa, tezliklə Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükə altına düşəcək və hazırda Paşinyanın yerinə gələn hər kəs, yəqin ki, daha xoşagəlməz sənədə imza atacaq: “Müxalifət hesab edir ki, Paşinyanı hakimiyyətdən kənarlaşdırmaqla ağrılı qərarların qarşısını almaq olar. Bu sadəlövhlükdür. Kim gəlsə, daha pis sənədə imza atacaq. Onların Ermənistandan nə istədiklərini anlamaq və ən az ağrılı həll yolunu seçmək lazımdır. Bunu isə yalnız Paşinyanla danışmaqla başa düşmək olar, çünki o, tam məlumatı olan yeganə şəxsdir. Üstəlik, Paşinyan da sənədi imzalamaqdan qorxur, çünki nəyə imza atsa da, onu “satqın” adlandıracaqlar. Bu yolla biz də Paşinyana əlimizi uzadırıq, bu müqavilələrin imzalanmasının məsuliyyətini öz üzərimizə götürürük. Mən də öz növbəmdə bu məsuliyyətə hazıram. Digərləri, bilmirəm, görünür, hazır deyildilər, ona görə də təxirə saldılar. Uğurlu olmaq hər tərəfdən mütləq səmimiyyət tələb edir. Bütün ambisiyalardan imtina etmək lazımdır”.

 

Müxalifətin ölkədə davam edən aksiyalarından da danışan eks-prezident onu da bildirib ki, iğtişaşlar davam edərsə, vəziyyət daha da çətinləşəcək.

 

Ermənistandakı bəzi siyasilərin Qarabağ barədə tələblərinə gəlincə isə o əlavə edib ki, bu məsələ artıq qapanıb. “Artsax məsələsi artıq həll olunub, mən insanların ümidini kəsmək istəmirəm, amma indi Ermənistan Artsaxda yoxdur. Artsax məsələsinin həllinin açarı bu müharibədən əvvəl Rusiyanın əlində idi, indi Rusiyanın çoxlu problemləri var, bu açar hardasa itə bilər”.

 

Qeyd edək ki, Ter-Petrosyan 1988-ci ildən “Qarabağ komitəsi”nin üzvü və “Erməni İctimai Hərəkatı”nın rəhbərlərindən biri olub. O, 1989-cu ilin avqustunda Ermənistan Ali Sovetinin deputatı seçilib, 1 il sonra Ali Sovetinin sədri vəzifəsini tutub.

 

1991-ci ildə isə Ermənistanın birinci prezidenti seçilib.

 

Ter-Petrosyanın 1998-ci ildə o dövrün Baş naziri Robert Koçaryan, müdafiə naziri Vazqen Sarkisyan, daxili işlər və milli təhlükəsizlik naziri Serj Sarkisyanla Qarabağ münaqişəsinin həllində fikir ayrılıqları yaranıb. Məhz buna görə də istefa verməyə məcbur edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv