Tərtərdə ər keçmiş həyat yoldaşını boğaraq öldürdü

Tərtərdə ər keçmiş həyat yoldaşını boğaraq öldürüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şıxarx kəndində baş verib.

Kənd sakini 1990-cı il təvəllüdlü Röyalə Tağıyevanın meyiti kənd sakinləri tərəfindən evində aşkar edilib. Sakinlər dərhal rayon Polis Şöbəsinə və Prokurorluğa məlumat verib.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1984-cü il təvəllüdlü Səlim Əsədovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Röyalə Tağıyevanı boğaraq qəsdən öldürməsi müəyyən edilib.

Kənd sakini Zöhrab Balakişiyev ailənin əvvəl yaxşı olduğunu, sonradan isə problemlərinin yarandığını deyir: “Yatmışdım saat 3-4 arası olardı. Fəhlə maşını gəlib onlarda işə gedirdi, alağa gedirdilər, alaq vururlar. Məndə  təsərrüfatla məşğul olduğum üçün səsə oyandım. Gördüm “Qazel” gəlir sonra bir az aradan keçdi, mürgüləyirdim. Gördüm ağlaşma səsi gəlir. Elə bildim maşında nə isə hadisə baş verib. Sonra  məlum oldu ki qadın rəhmətə gedib Röyalə.  Yəni münaqişələri var idi, tez-tez dalaşırdılar. Bir neçə dəfə 102-yə xəbər də verilib. Əvvəllər çox yaxşı idilər, sonradan boşandılar, tez-tez dava edirdilər”.

Kəndin icra nümayəndəsi Mübariz Cabbarov da ailədə son zamanlar problemlər olduğunu bildirir: “Əvvəli çox normal, mehriban ailə idi. Sonradan səbəb nə idisə, ziddiyyət boşanma halına gəldilər. İndi hadisə necə olub deyə bilmərəm, oğlan belə cəmiyyət arasında hamı kimi rəftar edib davranıb.  Son vaxtlar eşidirdik dalaşırdılar, qadın ona, o qadına söyürdü”.

Faktla bağlı cinayət işi başlanıb, Səlim Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv