Tərtərdə məcburi köçkün məktəbində Resurs və Təlim Mərkəzi açılıb
Tərtərdə “British Council” və Britaniyanın Azərbaycandakı səfirliyi məcburi köçkünlərin təhsil aldığı məktəbdə Resurs və Təlim Mərkəzi açıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, mərkəzin açılışında Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, səfirlik və nazirlik nümayəndələri iştirak edib.
Resurs və Təlim Mərkəzi Tərtərdə yerləşən Laçın rayonu Çaylı kənd tam orta məktəbində yaradılıb. Bildirilib ki, bu, Azərbaycanda hazırda mövcud olan 13 ingilis dili mərkəzindən ibarət şəbəkəsinə əlavə ediləcək beş yeni Resurs və Təlim Mərkəzindən ikincisi olacaq. Yeni təlim mərkəzləri Masazır, Zaqatala, Tərtər, Beyləqan və Bərdə rayonlarında yerləşən məcburi köçkünlərin təhsil aldığı məktəblərdə yaradılacaq. Proqram Birləşmiş Krallıq hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Səfir Ceyms Şarp jurnalistlərə açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu deyib:
“Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll olunmasını istəyirik. Bilirik ki, ATƏT-in Minsk qrupu çərçivəsində hər iki ölkə arasında danışıqlar gedir. ATƏT-in bu konflikti sülh yolu ilə həllini dəstəkləyirik. Amma bu müddət ərzində müharibədən əziyyət çəkən insanlara kömək göstərmək istəyirik. Bu səbəbdən Təlim və Resurs mərkəzlərini məcburi köçkün icmalarında açırıq. Çünki onların buna daha çox ehtiyacı var. Biz bu yerlərə səfər edərək həm də Azərbaycan dövlətinin məcburi köçkünlərə yaratdıqları şəraitlə tanış oluruq. Britaniya hökumətinin əsas marağı Azərbaycanın firavan və gözəl inkişafına dəstək olmaqdır”.
Tədbirdə iştirak edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, son 15 ildə ölkə ərazisində 3216 məktəb binası tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilib:
“Vacib məsələlərdən biri bu gün dövlət tərəfindən yaradılan bu şəraitə uyğun keyfiyyətli təhsil prosesini yaratmaq, dövlətin istifadəyə verdiyi bu əmlakı qoruyub saxlamaqdır. Biz məktəblərimizə səfər edərək görürük ki, elə məktəblərimiz var, uzun illər əvvəl təmir olunmasına baxmayaraq, dövlət əmlakına diqqətlə yanaşılıb və qorunub. Amma təəssüf, elə məktəblərimiz var ki, bu məsələyə daha ciddi yanaşmaya zərurət tələb edir”.
Məhəbbət Vəliyeva məktəb direktorlarına tövsiyə edib ki, məktəbi qoruyub saxlamaq üçün ciddi qayda-qanun və nizam-intizam qaydalarına əməl etsinlər.