Tərtərdə qətlə yetirilən qadının və bənnanın yaxınları APA TV-yə danışdı
Tərtərdə baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. İki nəfəri öldürməkdə şübhəli bilinən Asəf Məmmədovun qardaşı, qətlə yetirilən bənna Namiq Allahverdiyevin atası, ölən qadın, Asəf Məmmədovun həyat yoldaşı Gülnar Məmmədovanın yaxınları bəzi açıqlamalar verib.
Namiq Allahverdiyevin atası Faiq Allahverdiyev deyir ki, hadisə baş verməmişdən az əvvəl oğlu ilə bənna kimi çalışdıqları həyətə gəliblər. Elə həyətdə də Asəf Məmmədovla qarşılaşıblar. Sonra qum-sement qarışdırmaq üçün oğlu Asəfin həyətindən su gətirməli olub. Növbəti dəfə su gətirməyə getdikdə güllə səsi eşidilib.
Qonşuluqda tikilən yeni ev Gülnarın qardaşına məxsusdur. Ölən və öldürənin ailələri hadisənin nə səbəbdən baş verdiyinə heç bir anlam verə bilmirlər. İstər qohumlar, istərsə də qonşular Gülnarın hörmətli və ədəbli bir xanım olduğunu deyirlər.
İki nəfərin torpağa, bir nəfərin dəmir barmaqlıqlar ardına getməsinə nəyin səbəb olduğu Hüquq mühafizə orqanlarının araşdırmasından sonra məlum olacaq.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam edir.
Qeyd edək ki, dəhşətli qətl hadisəsi Tərtər şəhər Mübariz Kərimov küçəsində qeydə alınmışdı. 44 yaşlı Asəf Məmmədov, iki azyaşlı övladının anası Gülnar Məmmədovanı yaşadıqları evdə kəsici deşici alətlə, bənna, 32 yaşlı Namiq Allahverdiyevi isə öz həyətində odlu silahla öldürmüşdü.