Tərtərin azad edilmiş Talış kəndində evlərin tikintisi tamamlanmaq üzrədir
Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində tikinti-bərpa işləri davam edir.
İlkin mərhələdə kəndə köçəcək 20 ailə üçün tikilən yeni evlərdə son tamlanma işləri aparılır.
Tikinti mühəndisi Elçin Qambayzadə ilkin mərhələdə köçürüləcək ailələr üçün artıq 20 evdə təmir-bərpa işlərinin əsasən başa çatdığını deyib. Evlərin daxilində kommunikasiya sistemi çəkilib, bütün evlər mətbəx mebeli ilə təchiz edilib.
Kənddə qaz, işıq, su və rabitə xətlərində son tamamlama işləri aparılır. Hər bir evin həyətyanı ərazisində mal-qara və toyuq-cücə saxlanması üçün yardımçı bina inşa olunub.
Kəndin su-kanalizasiya xətti çəkilib, yaxın günlərdə isə kənd daxili mərkəzi yolun tikintisinə başlanacaq.
Bundan başqa, məktəb və uşaq bağçasında son tamamlanma işləri aparılır.
Qeyri-yaşayış binalarının istilik və isti su təchizatı isə kənddə qurulmuş mərkəzi qazanxana vasitəsilə təmin olunacaq.
Kəndin “xeyir-şər evi” də əsaslı bərpa olunaraq sakinlərin ixtiyarına veriləcək.
Ermənilərin dağıdaraq məhv etdiyi kəndarası yollar da yenidən qurulur. Yeni çəkiləcək yollar günəş panelləri ilə çalışan işıq dayaqları vasitəsilə işıqlanacaq.