Tərtərin Talış kəndinə köçürülmə prosesinə başlanıb
“Böyük Qayıdış” ın növbəti mərhələsi Tərtərdə reallaşıb.
Bu gün rayonun işğaldan azad edilmiş Talış kəndinə köçürülmə prosesi baş tutub. Rayonun işğaldan azad edilmiş Talış kəndinə köçürülən ailələr artıq kəndə çatıb.
Burada sakinləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.
Kəndə ilkin mərhələdə 90 nəfərdən ibarət 20 ailə köçürülür. Bakı, Samux və Tərtərdə məskunlaşmış ailələrin köçkünlük həyatına birdəfəlik son qoyulur.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Talış kəndində birinci mərhələdə 20 yaşayış evi və 9 qeyri-yaşayış binası, eyni zamanda, 4 yol kommunikasiya şəbəkəsi tam olaraq bərpa edilib. Növbəti mərhələdə daha 158 ailənin köçürülməsi nəzərdə tutulub.
Emin Hüseynovun sözlərinə görə, Qarabağ iqtisadi rayonunda - Ağdam, Füzuli və Xocavənd rayonlarında bir sıra layihələndirmə işləri yekunlaşma mərhələsindədir.
Emin Hüseynov onu da qeyd edib ki, gələn il Ağdam rayonunun 3 kəndi, eyni zamanda, Hadrut qəsəbəsi və Tuğ kəndindəki yaşayış məntəqələrinə köç reallaşacaq.