Tərxis olunan könüllü: “Dövlətimizin və millətimizin dəstəyi bizə böyük motivasiya verirdi”
27 sentyabr 2020-ci ildə Vətən Müharibəsinin başlanması ilə əlaqədar qismən səfərbərliyə alınan şəxslərin ordudan tərxis olunmasına başlanılıb.
APA TV-nin çəkiliş qrupu ötən gün tərxis olunan əsgər Gündüz Qaralovun qarşılanma anını lentə alıb.
Atası Bayram Qaralovun sözlərinə görə, Gündüz döyüşlər başlayandan dərhal sonra müharibəyə könüllü yollanıb: “Allah rəhmət eləsin, general Polad Həşimov və polkovnik İlqar Mirzəyev şəhid olandan sonra bütün Azərbaycan qalxdı ayağa. Gündüz də TV-də müsahibəsində deyib ki, Ali Baş Komandan əmr eləsə, ölüb-öldürməyə hazıram. Axşam evə gəlib dedim, Gündüz, niyə deyirsən ölməyə hazıram? De ki, öldürməyə hazıram. Mən heç hiss eləməmişəm, amma doğrudan deyirmiş. Bir də gəldi ki, ata, mən könüllü yazılmışam, gedirəm cəbhəyə”.
Gündüz Mingəçevirdə N saylı hərbi hissənin toplanma məntəqəsinə göndərilib. Bir neçə könüllü döyüş yoldaşı ilə təyinatı üzrə Füzuli-Cəbrayıl istiqamətinə yola salınıb. Ardınca Xocavənddə xidmət edən Gündüzün son toplanma məntəqəsi Zəngilan olub. Bölük əsasən işğaldan azad olunan rayonların müdafiəsi və mühafizəsini təşkil edib: “Mənim xidmət etdiyim bölmə, ümumiyyətlə, könüllülər korpusu idi. Hamı ora Vətən deyib gəlmişdi. Sağ olsun, dövlətimizin və millətimizin dəstəyi də bizə böyük motivasiya verirdi. Oradakı atmosferi, ruh yüksəkliyini doğrudan da dildə ifadə etmək çətindir. Gərək orada olub onu yaşayasan”.
Qaralovlar ailəsi qələbə sevincini gizlədə bilməsə də, Vətən Müharibəsi şəhidlərini tez-tez yada salır, Allahdan onlara rəhmət diləyirlər: “Allah şəhidlərimizə rəhmət eləsin, bu tarix onların qanı ilə yazıldı. Nə xoş bizə ki, orada zərrə qədər də olsa, xidmətlərimiz olub. Bizdən də şəhid olanlar oldu. Yüz metr qabağımızda atırdılar, orada şəhid olan yoldaşlarımız oldu. Allah hamısına rəhmət eləsin!”
Qeyd edək ki, Gündüz Qaralov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin əməkdaşıdır.