Tibbin qüdrəti 5 yaşlı Qüdrəti necə xilas etdi? - BÖYÜYÜB ƏSGƏR OLACAQ!
Təqribən 2 ay öncə bu yola çıxanda içimizdə bir qığılcım ümid vardı. Görəsən kömək gözləyən bu gözlərin sahibi, balaca Qüdrətə yardım edəcək xeyirxah tapılacaqmı? 5 yaşlı oğlan ağır xəstəlikdən qurtulacaqmı? Kiçik dünyasında qurduğu arzuları böyük idi, yoxsa balaca vücudunda daşıdığı xəstəliyin ağırlığı? Bunu “böyüyüb, əsgər olacağam” deyəndə anladıq. Onun arzuları mütləq xəstəliyə qalib gələcəkdi.
Oreratorumuz Xəyalla balaca Qüdrətdən gözüyaşlı ayrılsaq da, bu ünvana sevinc gətirəcək xəbərin sorağına qayıdacağımıza inanırdıq. Nəhayət, o gün gəldi.
5 yaşlı Qüdrət indi valideynlərinin yanında daha gümrah görünür. Əməliyyatı uğurla keçib: “Həmin gün siz gələndə ümidimiz artıq yox idi. Mən APA GROUP-a təşəkkür edirəm. Siz bizim balamızı çəkdiniz, onun xəstəliyini işıqlandırdınız. Ondan sonra hər kəs - bütün xalqım ona kömək etdi. Qüdrətin yaşamağında kimin az da olsa əməyi varsa, dərin təşəkkürümü bildirirəm. İşlədiyimiz 322 saylı orta məktəbin kollektivi, hətta şagirdləri belə maddi və mənəvi dəstək oldu”.
Sahibə xanım deyir ki, həkimlər əməliyyatın müsbət nəticəsinə əmin olmasa da, ailə dualarını kəsməyib. Həkimlərin “gözünüz aydın, Qüdrət yaşayacaq” sözlərini gözləyiblər. Balaca Qüdrətin qaraciyər donoru isə əmisidir: “Qardaşımın balası mənim də balamdır. İndi oldu ciyərparəm. Əməliyyatdan oyananda ilk fikrim onu görmək idi. Eyni palatada idik, aramızda pərdə vardı. Tez həkimə mənə göstərin dedim. Dedilər burdadır. Gördüm, ürəyim yerinə gəldi. Şükür, salamatlıqdır”.
İndi Qüdrət yaşıdları kimi həyata sağlam davam edir. Bir müddət həkim nəzarətində olmalıdır.
Qüdrətin əməliyyatı Mərkəzi Gömrük Hosritalında - dünyada ilk dəfə icra olunan unikal əməliyyat kimi tarixə düşdü. Həkim Mircəlal Kazımi deyir ki, 5 yaşlı Qüdrətə qoyulan Hirerliridemiya diaqnozu qaraciyərdəki liridlərin, yəni yağların mübadilə pozğunluğu zamanı əmələ gəlir və bu mübadilə pozğunluğu nəticəsində bu xəstələrdə ürək problemi yaranır. Bu cür xəstələr maksimum 11-12 yaşa qədər yaşayır. Adətən belə xəstəliyi olan uşaqlar kəskin miokard infarktından dünyasını dəyişir.
“Uşağa qaraciyər köçürüləndən sonra adaptasiya dövrü keçir. Qanda olan liridlər aşağı düşüb. Bərpa edilmiş damarların fəaliyyətində də hər hansı problem aşkarlanmayıb. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir. Gələcəkdə bu xəstəliklə bağlı hər hansı problemi olmamalıdır”.
Ürək-damar cərrahı Rəşad Mahmudov isə deyir ki, dünyada ilk dəfə azyaşlı xəstə üzərində eyni seansda iki ağır əməliyyatın keçirilməsi Azərbaycan tibbinin uğuru hesab edilə bilər:
“Qaraciyər xəstəliyi 5 yaşlı uşağın ürəyində elə bir fəsad yaradıb ki, bu uşağa anesteziyanın edilməsi qeyri-mümkin idi. Qaraciyər transplantat əməliyyatı edərkən ürəyin dayanma ehtimalı yüksək idi. Bunun da səbəbi bilinməyəcəkdi. Çünki ürəkdə damarların 90 faizinin tutulmasından xəbərsiz idik. Müayinə zamanı bütün bunlar məlum oldu və iki əməliyyatın birdən həyata keçirilməsi qərara alındı”.
Həkimlər deyir ki, xəstəlik səbəbindən balaca Qüdrətin bədənində yaranan yaralar getdikcə yoxa çıxacaq.
İndi Qüdrətin gözlərində yeni ümidlər, yeni arzular parlayır. İndi əsgər olmaq olar!