Tiryək, xəncər, bıçaq, psixotrop maddələr... - MASALLI SAKİNİNDƏN “KOLLEKSİYA” TAPILDI
Masallı sakini psixotrop maddələr və tiryəklə tutulub.
APA TV-nin cənub bürosunun məlumatına görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhər sakini, 1988-ci il təvəllüdlü Məhərrəməli Fəzail oğlu Məmmədov saxlanılıb.
Baş müstəntiq İqbal Rəhimlinin sözlərinə görə, saxlanılan şəxsin avtomobilinə də baxış keçirilib: “Ona məxsus olan avtomobildən 12 bükümdə, ümumi təmiz çəkisi 17,76 qram psixotrop maddə metamfetamin, 2 ədəd metadon tərkibli dərman preparatı, 1 bükümdə, təmiz çəkisi 145,020 qram narkotik vasitə tiryək, 1 xəncər və 1 mətbəx bıçağı aşkar edilərək götürülüb”.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq davam etdirilir.