Torpağa basdırılmış narkotik və silah-sursat aşkarlandı - BİLƏSUVARDA

Biləsuvar polisi torpağa basdırılmış narkotik və silah-sursat aşkarlayıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini Zabil Ağayev Biləsuvar rayonu ərazisində saxlanılıb.

Keçirilən baxış zamanı ondan 6 qram narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə onun Cəlilabad rayonu ərazisində yaşadığı evin həyətyanı bağ sahəsinə keçirilən baxış zamanı torpağa basdırılmış plastik qabın içərisindən ayrı-ayrı bağlamalarda ümumilikdə 2 kiloqram 89 qram narkotik vasitə heroin, 1 ədəd üzərində “VZOR 70” yazılmış tapança və 16 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv