Torpaq uçqunu altında qalaraq yataq xəstəsi olan İlkinin köməyə ehtiyacı var - SOS
33 yaşlı İlkin Qaraşov 4 ilə yaxındır ki, yataq xəstəsidir. 2017-ci il də həyətyanı torpaq sahəsində təndir üçün yer qazan zaman onun üzərinə torpaq qatının uçması nəticəsində İlkinin onurğa sümüyünün 3 fəqərəsi qırılıb. Bununla da İlkinin ağır günləri başlayıb. Həmin gündən bu günə kimi o, yerimə qabiliyyətini itirib və aşağı ətrafları iflic olub.
APA TV-nin məlumatına görə, bundan sonra əslən Yardımlı rayonunun Şıxhüseynli kəndindən olan İlkin Qaraşov müalicəsi ilə əlaqədar ailəsi ilə birlikdə Bakıya gəlmək məcburiyyətində qalıb. Qaradağ rayonunun Lökbatan qəsəbəsində məskunlaşan ailədə hazırda heç kim işləmir. Ümidləri yalnız onlara ediləcək yardımlaradır: “Ayaqlarımı vaxtı-vaxtında fizeoterapiya elətdirməliyəm. Yataq xəstəsi olduğuma görə, böyrəyimdə də ciddi problemlər əmələ gəlib. Ayaqlarımda qalın ət tərəfdən 10-15 gündən bir tromblaşma gedir. Belə də ayaqlarım şişir. Bunun üçün də mənə göbəkaltı iynə vurulmalıdır. O da bahalı iynədir”.
I qrup əlil olan İlkin Qaraşov buna görə, pensiya alsa da, aldığı məvacib yaşadığı evin kirayə haqqına güclə çatır. Müsahibimiz deyir ki, sosial yardım almaq üçün dəfələrlə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) müraciət edib. Lakin qurum onun adına Yardımlı rayonunun ərazisində torpaq sahəsinin olmasını və həyat yoldaşının adına aktiv VÖEN hesabının olmasını əsas gətirərək müraciətlərini əsassız sayıb: “Neçə dəfə sənəd toplamışam sosial müavinətim düzəlməyib, müraciətimə elə imtina gəlib. Mən artıq utanıram. İnsan nə qədər kimdənsə yardım istəyər, nə qədər kömək istəyər. Ailədə heç kim işləmir. Yoldaşımdı, mən özüməm. Oğlum Nurlanın 10 yaşı var, 4-cü sinifdə oxuyur. Qızım Nurayın 8 yaşı var. Qızım əslində 2-ci sinifdə oxumalı idi. İmkansızlıqdan bu il 1-ci sinfə gedib”.
Hazırda müalicəsi üçün aylıq min manatdan artıq vəsaitin lazım olduğunu deyən İlkin bildirir ki, 2 il öncə müalicə üçün İran İslam Respublikasına yollanıb. Orada bir kurs müalicə də alıb: “Ailəlikcə hamımız Mehriban xanıma, Prezidentimizə dua edirik. Onlardan mən kömək istəyirəm, Heydər Əliyev Fondundan yardım istəyirəm. Gücü çatan qədər xaricdə yaşayan mərd qardaş və bacılarımdan kömək istəyirəm. Çünki eləyiblər”.
Məlumat üçün bildirək ki, İlkin Qaraşova yardım etmək istəyənlər bu bank hesabına ödəniş edə və bu nömrə ilə (051-682-51-79) əlaqə saxlaya bilərlər.
Həmidağa Məcidov,
Əli Ələkbər,
APA TV