Tovuzda bir neçə günlük uşağı qurban etdilər: Həkim iynə vurmağa gəlinini göndərib? – APA TV

Tovuz rayonun Əyyublu kənd sakini Elvin Yusifli rayonun Mərkəzi Xəstəxanasından şikayətçidir.

APA TV-nin qaynar xəttinə müraciət edən vətəndaş bildirir ki, onun yeni doğulan övladının bir qolu məhz həkim səhlənkarlığı səbəbindən xəsarət alıb. Körpə sağ qolunu hərəkət etdirə bilmir.

Atanın sözlərinə görə, sentyabrın 4-də körpə qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib və doğularkən uşağın heç bir sağlamlıq problemi olmayıb. Lakin iki gün sonra uşağın səhhətində problemlər yaranıb. Ata deyir ki, uşaq baxımsızlıqdan sarılıq tutub. Bundan sonra körpəyə sistem vurulan zaman, iynə sinirə toxunub və qolu zədələnib.

Valideynləri deyir ki, peyvənddən sonra uşağın sağ qolu şişməyə başlayır. Onlar xəstəxanadan səbəbi soruşanda isə cavab verilir ki, düzələcək. Uşaq ölümcül vəziyyətə düşdükdən sonra isə valideynləri uşağı başqa xəstəxanaya aparmalı olub.

Valideynlər köpəyə ilk yardım edən pediatr Tamella həkimlə söhbətlərinin video görüntülərini də bizə göndəriblər. Xəstəxana işçiləri hər iki valideynə bildiriblər ki, Tamella həkim körpəyə iynə vurmaq üçün öz yerinə gəlinini yollayıb. Həkim isə bu iddiaların yalan olduğunu, körpəni müayinə etdikdən sonra sağ-salamat təhvil verdiyini bildirib.  

Vətəndaşın şikayəti ilə bağlı Tovuz rayon mərkəzi xəstəxanasına müraciət etdik. Xəstəxanadan məsələdən agah olduqlarını, ancaq açıqlama verə bilməyəcəklərini bildirdilər. Üstəlik, yenicə doğulan bir körpənin bütün gələcəyini sual altında qoymaqda ittiham edilən bu şəxslər çəkilişə şərait yaranmasın deyə, əllərindən gələni etdilər.

Məsələ ilə bağlı TƏBİB-lə də əlaqə saxladıq. Oradan isə bizi yenidən xəstəxanaya yönləndirdilər və bildirdilər ki, məsələ ilə bağlı xəstəxanadan cavab veriləcək. Yenidən xəstəxanaya qayıtdığımız zaman isə bizə dedilər ki, suallarımıza cavab verə biləcək həkim xəstəxanada yoxdur. Bizi rayon ərazisindəki başqa xəstəxanaya göndərdilər ki, həkim oradadır. Ancaq nə axtardığımız ədaləti, nə də həkimi tapa bilmədik. İkinci dəfə TƏBİB-lə əlaqə saxladıq. Yenə əzbərləmişlər kimi eyni şeyləri deyib, bizi Tovuz rayon Mərkəzi Xəstəxanasına yönləndirdilər. Yenə üz tutduq xəstəxanaya. Burada isə bildirildi ki, suallarımıza bir neçə saat sonra cavab verəcəklər. Səbrimizi sıxıb gözlədik. Ancaq bütün günü TƏBİB və xəstəxana ilə qaçdı-tutdu oynasaq da, nə TƏBİB-dən, nə xəstəxana rəhbərliyindən, nə də digər aidiyyəti şəxslərdən bir nəfər də olsa, ortaya çıxıb suallarımıza cavab vermək istəmədi.

Suallarımıza cavab tapana, cəmi bir neçə günlük körpəyə bu qədər əzabı kimin verdiyini üzə çıxarana qədər mövzuya qayıdacağıq.

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv