Tovuzda çaydan minaatan mərmisi tapıldı

Tovuz rayonu, Əlibəyli kəndi ərazisindən keçən çayın kənarından 1 ədəd mərmi tapılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə məlumat daxil olduqdan sonra qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları əraziyə baxış keçiriblər.

Aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində çaydan 1 ədəd 82 mm-lik minaatan mərmisi aşkarlanıb.

Mərminin tapıldığı yerin ətrafında 600 kvadratmetr əraziyə yerüstü və yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Qeyd edək ki, Əlibəyli düşmənlə təmas xəttinə yaxın olduğundan bu kənddən keçən çay Ermənistan ərazisindən gəlir. Dəfələrlə bu çay vasitəsilə düşmən hərbçiləri kəndə partlayıcı və zəhərli maddələr axıdıblar.

ANAMA-dan bildirilib ki, bu cür hallar cəbhə kəndlərində, xüsusilə Əlibəyli kəndində dəfələrlə olub.

Fuad Naizmoğlu

APA TV

Müəllif | Apa.Tv
Apa.tv