Tovuzda itkin düşən azyaşlı qızın yanmış meyiti tapıldı

Ötən il noyabrın 21-də Tovuz rayonunda itkin düşən 10 yaşlı Quliyeva Nərmin Şərif qızının meyiti tapılıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, azyaşlının meyiti yanvarın 6-da doğulduğu Dondar Quşçu kəndi ərazisində aşkarlanıb.

 

Meyitdə yanıq xəsarətlərinin olduğu bildirilir. Daxili İşlər Nazirliyinin (DİN), Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin əməkdaşları Tovuz rayonuna ezam olunublar.

 

N.Quliyeva noyabrın 21-də qonşudakı toydan evə gedərkən yoxa çıxıb.

 

Hadisə ilə bağlı cinayət işi başlanıb.

 

Baş Prokurorluqdan bildirilib ki, Nərmin Quliyevanın qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv