Tovuzda iki yol qəzası baş verdi – 1 ÖLÜ, 5 NƏFƏR YARALANDI

Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun girişində, Tovuz Çay körpüsü üzərində qeydə alınıb.

 

Yolun buzlu olması nəticəsində “Mercedes-Benz” və “Toyota” markalı avtomobillər toqquşub. Hadisə zamanı maşınlarda olan şəxslər - 1992-ci il təvəllüdlü Kamran Paşayev, 1995-ci il təvəllüdlü Anar Əhmədov, 1992-ci il təvəllüdlü Nizaməddin Rüstəmov, 1976-cı il təvəllüdlü Aytəkin Niyazova, 1976-cı il təvəllüdlü Könul Kərimova və 1972-ci il təvəllüdlü İlqar Quliyev müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilsə də, Aytəkin Niyazovanın həyatını xilas etmək mümkün olmayıb.

 

Daha bir yol qəzası isə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

 

Belə ki, yolun buzlu olması səbəbindən idarəetmədən çıxan “Opel” markalı avtomobil qaz borusuna çırpılıb. Nəticədə şəhərin yarıdan çox hissəsinə təbii qazın verilişi dayanıb. Yol qəzasında sürücü xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv