Tovuzda narkotik satanlar yaxalandı – ÖTƏN İL OĞURLUQ DA EDİBLƏR
Tovuzda narkotik alqı-satqısı ilə məşğul olan iki nəfər saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində narkotik satışında şübhəli bilinən Eşqin Ələkbərov saxlanılıb. Onun üzərinə baxış zamanı 0,283 qram metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan Eşqin Ələkbərov narkotik vasitəni şəxsi istifadəsi üçün tanışı Musa Nağıyevdən 20 manata aldığını bildirib: “Mən narkotik istifadəçisiyəm. Zəng etdim Musaya dedim mənə narkotik lazımdır. Çağırdı evlərinin yanına zəng etdi 20 manatı verdim, getdi narkotiki götürdü gəldi. Narkotiki götürüb evə gedəndə məni tutdular”.
Əməliyyat tədbirlərini davamı olaraq əvvəllər məhkum olunmuş Musa Nağıyev də saxlanılıb.
Hər iki şəxsin ətrafında aparılan araşdırmalar zamanı onların ötən il silsilə oğurluqlar törətdiyi də müəyyən edilib. Müstəntiq İmran Həsənovun sözlərinə görə, saxlanılan şəxslər tək Tovuzda deyil qonşu Şəmkirdə də oxşar cinayətlər törədiblər: “Həmin şəxslər Şəmkir rayonunun Düyərli kəndində Məmmədov Elşən Rövşən oğluna məxsus “Zeytun” adlı aptekə qanunsuz daxil olaraq oradan 20 manat nağd pulu, elə həmin gün gecə vaxtı Düyərli kənd sakini Abbasov Tamerlan Akif oğluna məxsus olan “LG Telekom” mağazasına daxil olub oradan 7700 manat məbləğində nağd pulu, 660 ABŞ dollarını, “Samsung J-3” markalı mobil telefonu gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni ümumilikdə 8920 manat məbləğində ziyan vurmaqla oğurluq ediblər”.
Saxlanılan Musa Nağıyev Tovuz və Şəmkirdə altı müxtəlif ünvandan oğurluq etdiyini etiraf edib: “Təxminən bir il bundan əvvəl Tovuz rayonunda mağazadan bjuterya götürmüşük. Bir müddət sonra Telmanın mağazasına girmişik. Həmin gün ərzində Bozalqanlıda oğurluq etmişik. Birdə Şəmkirin Düyərli kəndindən iki dəfə oğurluq etmişik. Əməlimizdən peşmanıq”.
Saxlanılan şəxslər barəsində Məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV Tovuz