Tovuzda XV əsrə aid iki otaqlı ev aşkar edildi

AMEA-nın Tovuz Ekspedisiya Qrupunun rayonun Vahidli kəndi ərazisində apardığı araşdırmalar zamanı iki otaqlı ev qalıqları aşkar edilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, burada XV əsrə aid olan Sultan Körpüsünün olması da onu deməyə əsas verir ki, bu evlər ticarət yolunun üzərində inşa edilib.

AMEA-nın şöbə müdiri Fərhad Quliyev deyir ki, burda məscid-türbə kompleksi formalaşıb: “Həmçinin 17-ci əsrə aid qəbiristanlıq var. 15-ci əsrə aid Sultan Körpüsünün olması da məhz orta əsrlər dövründə Vahidli kəndi ərazisində, bu yerdə, zəngin orta əsrlər dövrünə aid Azərbaycan xalqının yaşayış yerini əks etdirən kompleksin olduğunu nümayiş etdirir”.

Tapılan evin təməli 60 sm enində, təxminən 80 sm dərinliyindədir. Burada arakəsmələr üçün taxtadan istifadə edilib və bu taxtalar da bir-birinə dəmir mıxlarla bərkidilib. Evin dam örtüyü isə kərpiclə hörülüb. Sözügedən ərazinin uzunluğu 700 metrdir. Fərhad Quliyevin sözlərinə görə, buranın təsərrüfat və ya digər məqsədlər üçün istifadə edilməməsi və dağıntılara məruz qalmaması üçün ərazinin mühafizə zolağı elan edilməsi labüddür: “Bizim əsas rəyimiz budur ki, bu ərazi mütləq mühafizə edilməlidir. Mühafizə zolağının ərazisi genişləndirilməlidir. Gələcəkdə elmi araşdırmalar üçün şərait yaradılmalıdır ki, burada tədqiqatlar aparılsın”.

Hazırda el arasında “Qala Düzü” adlanan ərazidə tapılan maddi-mədəniyyət nümunələri ərazidə genişmiqyaslı qazıntı işlərinin aparılması üçün AMEA-ya göndərilib.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv