Toydakılar niyə zəhərləndi? – Polis araşdırır
Ağcabədidə toyda kütləvi zəhərlənmə olub. 34 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə Rəncbərlər kəndində keçirilən məclisdə baş verib. Ev şəraitində təşkil olunmuş məclisdə 34 nəfər, o cümlədən 11-i yetkinlik yaşına çatmayan şəxs qida zəhərlənməsi diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib. Aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin, 16 yaşlı Roza Əliyevanın müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, hadisə ilə əlaqədar müvafiq ekspertiza təyin olunub, hazırda araşdırma davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. HABİL ASLANOĞLU, ZİYA İSMAYILOV APA TV - AĞCABƏDİ