Toylar nə vaxt bərpa olunacaq? – OPERATİV QƏRARGAHDAN AÇIQLAMA

“Bəzi vətəndaşlar yenə arxa küçələrdə toplanır, maskadan istifadə etmirlər. Bu gün hətta elə ailələr var ki, yaşlılarda test neqativ nəticə verir, amma uşaqlarda testlər müsbət çıxır, uşaqlar ötürücü olurlar ".

 

APA TV-nin məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

 

O, deyib ki, bu gün parklar açıqdır. Amma biz orda da qaydalara riayət etməliyik. Əks halda gözlənilən nəticə əldə olunmayacaq.

 

Şöbə müdiri evdə müalicə ilə bağlı tibbi-metodik göstərişlərin hazırlanaraq xəstəxanalara paylandığını da açıqlayıb: “Yüngül, asimptomatik xəstələrin evdə müşahidə altında olması nəzərdə tutulub. Bu xəstələrə müalicə lazım olmayacaq, müşahidə altında olacaqlar. Ona görə, o xəstələrə dərman da lazım olmayacaq. Digər tərəfdən, hazırda müalicə simptomlara qarşı aparılır, xəstəliyi birbaşa müdaxilə edən dərman hələ yoxdur. Həm də dərman preparatlarından həkim nəzarəti olmadan istifadə etmək çox ciddi fəsadlara səbəb ola bilər, insanlar bunu da nəzərə almalıdır”.

 

Yaqut Qarayeva həmçinin əlavə edib ki, koronavirusla mübarizəni ölkəmizdə daha da təkmilləşdirmək üçün ambulator müalicə üzərində idarəetmə Səhiyyə Nazirliyinə həvalə olunub. Artıq mobil xidmət də istifadəyə verilib. Evdə müalicə alan xəstələr sahə həkimlərinin nəzarətində olacaq.

 

“Toyların bərpası üçün yoluxma statistikasının normal səviyyəyə düşməsi lazımdır”-deyə Yaqut Qarayeva bildirib.

 

Konfransda çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai qeyd edib ki, BMT pandemiya ilə mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə Azərbaycana konkret sahələrdə texniki yardımlar göstərib: “Bu yardımlar həm potensialın, həm də biliklərin artırılmasına yönəlib. Həm də jurnalistlərlə təlimlər təşkil edilib ki, məlumatlar cəmiyyətə düzgün çatdırılsın. Bununla bərabər, biz müxtəlif kampaniyalar təşkil etmişik. Cəmiyyətdə nüfuzlu insanları cəlb edərək, düzgün davranışın təbliğ olunmasına çalışmışıq. O cümlədən TƏBİB və Səhiyyə Nazirliyinə fərdi qoruyucu vasitələr və digər ləvazimatlarla bağlı yardım etmişik. Hazırda biz İqtisadiyyat Nazirliyi və Nazirlər Kabineti ilə iqtisadiyyatın bərpası ilə əlaqədar texniki əməkdaşlıq sahəsində müzakirələr aparırıq”.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı isə Avropada pandemiya ilə bağlı vəziyyətin yaxşılaşdığını qeyd edib: “1 peyvənd artıq sınağın son mərhələsindədir. Ümid edirik ki, 2020-ci ilin sonuna qədər tibb işçiləri və risk qrupunda olanlar üçün bu peyvənd əlçatan olacaq. Deksametazonun da ağır vəziyyətdə olan xəstələrə 1/3 dərəcədə faydalı olduğu üzə çıxıb”.

 

H. Harmancı vurğulayıb ki, ötən günlərdə Azərbaycana 168 min fərdi qoruyucu gətirilib, çox yaxında da iki reyslə yenə fərdi qoruyucu vasitələr gətiriləcək.

 

Bundan əlavə o, qeyd edib ki, son 14 gündə Azərbaycanda virusa yoluxanların sayı 50 faiz artıb.

 

Hande Harmancı sosial şəbəkədə onun rayonda olması ilə bağlı yayılan fotolara da münasibət bildirib. Qeyd edib ki, o şənbə günü rayonda olub və həmin vaxt qadağa olmayıb. Buna görə də insanların arasında olub.

 

Elvin Paşazadə

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv
Apa.tv