Toylarda tez-tez pozulan karantin şərtləri açıqlanıb

Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə gündəlik monitorinqlər davam etdirilir.

 

Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən APA TV-yə verilən məlumata görə, bənlik mərasimlərinin başlanmasına icazə verildiyi tarixdən bu günədək aidiyyəti qurumların nümayəndələri tərəfindən 1000-ə yaxın obyektdə monitorinqlər aparılıb.

 

Monitorinqlər göstərir ki, əksər şadlıq evlərində karantin qayda və tələblərinə əməl olunur, xidmət personalı və qonaqlar arasında peyvənd və ya immunitet barədə müvafiq sənədlərə malik olanların sayı əvvəlki dövrlərlə müqayisədə artır.

 

Bununla belə, monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə qayda pozuntusu hallarına da rast gəlinir. Monitorinq qrupları tərəfindən məkan sahibləri ilə izahat işləri aparıldıqdan sonra həll oluna bilən pozuntu halları aradan qaldırılır və tədbirin qaydalara uyğun həyata keçirilməsi təmin olunur, nümunəvi toy mərasimlərinin təşkil edildiyi məkanlarda yeni evlənənlərə hədiyyələr təqdim olunur.

 

Əsas rast gəlinən pozuntu halları məkan sahiblərinin şənlik mərasimlərini müvafiq icaze.e-gov.az portalında qeydə almadan təşkil etməsi, zalların ölçüsü imkan vermədiyi halda, daha çox qonaq üçün sifariş qəbul edilməsi, toylarda qonaqların say və stollararası  məsafə məhdudiyyətinin pozulmasıdır.

 

Məkan və toy sahiblərinin nəzərinə bir daha çatdırılır ki, bu tədbirlərin təşkili zamanı karantin rejiminin qayda və tələblərinə ciddi əməl etsinlər. Bu, hamımızın sağlamlığı üçün vacib şərtdir.

Müəllif | Apa.Tv
Apa.tv