Tünzalə Ağayeva şokolad istehsalına başladı - ABAD-ÇI OLDU

Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafında innovativ dəstək mexanizmi olan ABAD yeni ABAD-çı və onun hazırladığı qida məhsulunu təqdim edib.

 

APA TV-nin məlumatına görə, təqdimat mərasimində xalq artisti Tünzalə Ağayeva və digər ictimai şəxslər iştirak edib.

 

Təqdimat mərasimində çıxış edən ABAD-ın şöbə müdiri Turanə Qasımova bildirib ki, layihənin hazırda 5 regional mərkəzi var və 2020-ci ildə "ASAN Həyat" kompleksi çərçivəsində növbəti regional mərkəz Tovuzda açılacaq: “Eyni zamanda “ASAN Həyat” kompleksi çərçivəsində “Tovuz ABAD məktəbi” də yaradılacaq ki, orada müxtəlif peşə sahələri üzrə yerli əhali və Tovuzun əhatə dairəsinə daxil olan şəxslər müraciət edərək təmənnasız kurslardan, ABAD-ın təlimlərindən yararlana bilərlər”.

 

Bildirilib ki, bu dəfə ABAD-çılar sırasına xalq artisti Tünzalə Ağayeva da qoşulub. O, ABAD-ın dəstəyi ilə təbii məhsullardan istifadə edərək “Sevmeli by Tunzale” brendi altında yüksək keyfiyyətli şokoladların istehsalına başlayıb: “ABAD-ın fəaliyyətini çox sıx izləyirəm, ABAD-ın neçə dəfə sərgilərində olmuşam. Ümumiyyətlə, “ASAN Xidmət” və ABAD-la mənim bir çox geniş həcmli layihələrim olub. Artıq bu dəfə mənim rolum doğrudan da bir alq artisti, bir vətəndaş kimi deyil. Bir şeyi bacaran, daha başqa şeyləri bacaran maraqlı ideyalı biri kimi ABAD-ın qapısını döydüm”.

 

Bu şokoladların hazırlanması zamanı qida istehsalı üzrə bütün standart və normalara riayət olunduğunu bildirən müğənni əlavə edib ki, məhsulun istehsalında seçmə meyvə quruları və ən keyfiyyətli şokoladlardan istifadə olunur.

 

Mir Çingiz Ağazadə

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv