Tural Gəncəliyev: “ABŞ-da erməni əsilli diaspor nümayəndələri yeni qətnamənin qəbuluna çalışır”
"Torpaqlarımızın işğaldan azad edildiyi bir dönəmdə düşmənin bütün hərəkətlərinə hazır olmalıyıq. Erməni lobbisinin təşəbbüsü ilə Konqresdə, Nümayəndələr Palatasının müzakirəsinə çıxarılması planlaşdırılan 1165 saylı qətnamənin müəllifləri erməni qrupunun həmsədrləri Jackie Speier və Frank Pallonedir. Bu şəxslər uzun illərdi ki, ABŞ-da hakimiyyət dairələrində Ermənistanın maraqlarını qoruyurlar".
APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin deputatı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bu gün keçirilən brifinqdə deyib.
Tural Gəncəliyevin sözlərinə görə, onların hər ikisi həm də erməni genosid aktının sponsorlarıdır: "Bildiyimiz kimi, ABŞ-da seçkilər dövrü yaxınlaşır. Belə bir məqamda qətnamə müəllifləri erməni seçicilərin səslərini qazanmaq üçün fəallıq göstərirlər. Sözügedən qətnamənin qəbulunun dayandırılması üçün ABŞ-da yaşayan soydaşlarımız bütün imkanlardan istifadə etməlidirlər. Təxmini hesablamalara görə, ABŞ-da 40 min nəfər soydaşımız yaşayır. Hesab edirəm ki, soydaşlarımız yaşadıqları ərazidə yerli ştat və federal səviyyədə onları təmsil edən Nümayəndələr Palatasının üzvilərinə hazırkı durumla bağlı məlumatlar çatdırmalı, onlara məktublar ünvanlamalı, müxtəlif vasitələrlə onlarla əlaqə yaradıb 1165 saylı qətnamənin qəbulunun dayandırılmasına çalışmalıdırlar. Soydaşlarımız ABŞ-da məşhur olan "Twitter" sosial şəbəkəsində də aktivlik nümayiş etdirməlidirlər”.
Jakie Spairin müəllifi olduğu qətnamə layihəsi nəinki Azərbaycanın, eyni zamanda Avropanın regional təhlükəsizlik maraqlarına ziddir deyən Milli Məclisin deputatı Kamal Cəfərov bildirib ki, Dağlıq Qarabağda olan illeqal rejim Mingəçevirdəki su anbarını, eyni zamanda, enerji əhəmiyyətinə malik olan TAP, TANAP layihələrinin keçdiyi rayonları vuracaqlarını iddia edirlər: “Hesab edirəm ki, bu cür təhdidlər Avropa ölkələrinin də maraqlarına ziddir. Buna görə də digər ölkələrdə bu prosesdə aktiv iştirak etsinlər. Azərbaycan vətəndaşları ilə birlikdə bu qətnamənin qəbul olunmasının qarşısını alsınlar”.
Deputat Arzu Nağıyev isə hesab edir ki, indiyə qədər ABŞ-da Azərbaycanı işğalçı kimi göstərməyə cəhdlər olub. Lakin bu, baş tutmayıb: “Onlar çalışırlar ki, yenidən 1165 saylı qətnamə ilə Azərbaycan haqqında xoşagəlməz qərarlar qəbul etdirsinlər. ABŞ-ın Nümayəndələr Palatasında təxminən 116 nəfərdən ibarət erməni qrupu olsa da, 435 üzvü olan Nümayəndələr Palatasının bu qətnamayə tam şəkildə səs verəcəyi inandırıcı görünmür. ABŞ-da yaşayan azərbaycanlılar, ümumiyyətlə bütün həmvətənlərimiz Nümayəndələr Palatasının üzvlərinə zənglər, müraciətlər edir və bu qətnamənin qəbul edilməməsi üçün çağırışlar edir”.
“ABŞ-ın Azərbaycana qarşı 902-ci düzəlişi qəbul etdiyi vaxt Azərbaycan bir neçə kəndi işğaldan azad etmişdi. İndi də ABŞ konqresmenləri tərəfindən eyni addım atılır”. 1165 saylı qətnamənin də buna görə gündəmə gəldiyini deyən deputat Qüdrət Həsənquliyev isə təklif edib ki, parlament adından ABŞ Konqresinə, senatına müraciət olunsun: “Erməni tərəfi bu gün bizi təxribata cəlb etməyə çalışır. Bununla da KTMT-nin də bu münaqişəyə qoşulmasına şərait yaratmaq istəyir. Biz parlament adından da KTMT-yə üzv olan ölkələrə də müraciət etməliyik”.
Qeyd edək ki, ABŞ-da yaşayan erməni lobbisi Konqresdə Nümayəndələr Palatasının müzakirəsinə 1165 saylı qətnaməni təqdim etməyi planlaşdırır. Qətnamənin həmmüəlliflərindən olan Jackie Speier məsələni Nümayəndələr Palatasının müzakirəsinə çıxarmaq üçün 46 Palata üzvünün dəstək imzasını alıb.
İlahə Vəliyeva,
Musa Qulammirzəyev,
APA TV