Tural Gəncəliyev: “Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə danışıqlara hazırdır”

“Erməni jurnalistlər Bakı, Gəncə və Quba şəhərlərinə səfər ediblər. Onlar Azərbaycanda müxtəlif qurumlarla, o cümlədən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ilə də görüşüblər”.

APA TV-nin verdiyi məlumata görə, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev jurnalistlərlə görüşündə deyib.

 

O bildirib ki, erməni jurnalistlər “ASAN Xidmət “və DOST mərkəzlərində də olublar, Bakının mərkəzində yerləşən erməni kilsəsi, orada saxlanılan erməni dilli kitablarla tanış olublar, ölkədə həyata keçirilən tədbirlər barədə məlumatlandırılıblar: “Eyni zamanda bizim jurnalistlər də İrəvana və işğal olunmuş Xankəndi, Şuşa şəhərlərinə səfər ediblər. Orada erməni icmasının nümayəndələri ilə görüşlər keçiriblər. Hesab edirik ki, bu kimi səfərlər bizim də hər zaman təşviq etdiyimiz, dəstəklədiyimiz icmalararası dialoq, birgə sülh şəraitində dinc yaşamaq üçün vacibdir. Bu cür səfərlər gələcəkdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində iki icmanın sülh şəraitində yaşamasına önəmli təsir göstərməlidir və göstərəcək. Çünki biz erməni icması ilə yaşamağa hazır olduğumuzu bəyan etmişik və bu səfər də yerinə düşmüş oldu”.

 

İcma sədri bildirib ki, azərbaycanlı və erməni icmalarının görüşü, qarşılıqlı səfərləri təşkil edilərsə azərbaycanlı icması bu görüşə və dialoqlara hər zaman hazırdır.

Müəllif | Apa.Tv
Apa.tv