Tural Gəncəliyev: “Ermənistan Dilqəmlə Şahbazı azad etməlidir”

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yeni İdarə Heyətinin formalaşmasından bir il ötür.


APA TV-nin məlumatına görə, İdarə Heyətinin bu hadisəyə həsr olunmuş iclasında icma rəhbəri Tural Gəncəliyev diqqəti sosial şəbəkələrdə fəaliyyətlərinə gələn reaksiyalara yönəldib.

 

Onun sözlərinə görə, erməni politoloqların və onların havadarlarının şərhlərindən görünür ki, bu fəaliyyət onlarda nə qədər qıcıq doğurur: “Etnik nifrət, təhqiramiz ifadələr, ermənilər tərəfindən bizim sosial şəbəkələrdəki fəaliyyətimizlə bağlı yazılar adi hal alıb. Biz isə təmkinli və soyuqqanlı olaraq heç bir etnik nifrət olmayan bəyanatlarımızı, mesajlarımızı səsləndiririk. Əsas məqsədimiz erməni icmasını dəvət etməklə onları başa salmaqdır ki, niyyətimiz münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə və bir yerdə yaşamağa nail olmaqdır. Onlar bunu başa düşməlidir, onların ikinci yolu yoxdur”.

 

Tural Gəncəliyev azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailə üzvlərinin baş çəkəcəyi haqda yayılan məlumatlara da münasibət bildirib. Onun sözlərinə görə, əsir və girovluqda olan şəxslər “hamının-hamıya” prinsipi əsasında dəyişdirilməlidir: “Bu, beynəlxalq humanitar hüququn əsas prinsipidir. O ki qaldı gələcəkdə azərbaycanlı girovların ailə üzvləri ilə görüşünə, bizim əsas istəyimiz onların öz ailələrinin yanına geri dönməsidir. Ermənistan qoşunları, işğalçılar onları azad etməlidirlər. Dilqəm və Şahbaz dədə-baba torpaqlarına getdikləri üçün qanunsuz şəkildə həbs ediliblər. Əsas məqsədimiz onların azad olunmasıdır. Dövlətimiz onların azad olunması istiqamətində bütün tədbirləri görür və biz də beynəlxalq təşkilatlarla, diplomatik korpusun nümayəndələri ilə görüşlərdə bu məsələni qaldırırıq. Deyirik ki, onlar işgəncələrə məruz qalırlar, başlarına olmazın oyunlar gətirilir”.

Sonda İdarə Heyətinin üzvləri bir il ərzində görülən işlərlə bağlı fikirlərini açıqladılar.

Müəllif | Apa.Tv
Apa.tv