Tural Gəncəliyev: “Ermənistanın təcavüz siyasətinin bitməsinə az qalıb”
“Mən Xankəndinin millət vəkili kimi düşmənlərimizə mesaj verirəm ki, biz tezliklə öz torpaqlarımıza, öz evlərimizə qayıdacağıq”.
APA TV-nin xəbərinə görə, bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasında 1988-ci il sentyabrın 18-də Xankəndi şəhərində azərbaycanlılara qarşı ermənilərin kütləvi terror hərəkətlərinə həsr olunmuş mətbuat konfransında icma sədri, deputat Tural Gəncəliyev deyib.
O bildirib ki, bu işğal müvəqqətidir. Azərbaycanın istəyi qarşısında Ermənistanın və onun havadarlarının orduları duruş gətirə bilməyəcək. Haqq, beynəlxalq hüquq bizim tərəfimizdədir: “18 sentyabr 1988-ci ildə ermənilər tərəfindən Xankəndində törədilən qırğınları unutmamışıq. Biz Xankəndi sakinləri olaraq düşmənlərə mesaj veririk ki, şanlı ordumuzun köməyi ilə Xankəndini lazımsız terrorçu ünsürlərdən təmizləyəcəyik. Ermənistanın təcavüz siyasətinin bitməsinə az qalıb. Biz həmin terrorçulardan haqq-hesab soracağıq. Bu işğal müvəqqətidir, ermənilər işğal edilmiş torpaqlarda müvəqqətidir. Biz öz torpaqlarımıza tezliklə geri qayıdacağımız barədə düşmənə açıq mesaj veririk. Bunun sonu tezliklə çatacaq. Bizim buna əzmimiz çatır. Düşmənlərimiz bizim əzmimizi və istəyimizi görürlər və narahatlıq keçirirlər”.
İcma sədri Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsinə də münasibət bildirərək deyib ki, sözügedən qanun layihəsi tamamilə dünya ictimaiyyətini aldatmağa, çaşdırmağa yönəlib: “Ermənistan son zamanlar Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün belə aldadıcı və fikir yayındırıcı addımlar atır. Bu qanun layihəsi ilə də Ermənistan parlamenti qondarma "soyqırımı" məsələlərini tez-tez gündəmə gətirir. Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədən tərəf kimi onların bu qanun layihəsini gündəmə gətirməsi gülüncdür. Qanun layihəsi qəbul etmək əvəzinə, Ermənistan parlamenti Sarkisyan və Köçəryanın soyqırımı cinayətlərində iştirakını mühakimə etsinlər ki, bu zaman səmimi görünsünlər. Yoxsa soyqırımından danışan erməni tərəfinin fikirləri qeyri-səmimi görünür”.
Xatırladaq ki, 1988-ci il sentyabrın 18-də Azərbaycanın Xankəndi şəhərində Ermənistan xüsusi xidmət orqanlarının azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi terror hadisələrindən 32 il keçir. Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması tarixin bu qaranlıq səhifəsinə yenidən işıq salmağı, Xankəndində erməni təcavüzünə məruz qalan insanların həyat hekayələrindən ibarət məlumat bazası formalaşdırmağı qarşısına məqsəd qoyaraq “Xankəndi talanları” adlı yeni bir kampaniyaya start verib. Bir neçə dəqiqəlik video çarxlarda Xankəndi şəhərinin sakinləri ağrılı həyat hekayələrindən bəhs edilir.