Turistlər üçün bağlanan ərazidə yenilik - ŞAHDAĞ MİLLİ PARKINDA
“Şahdağ Milli Parkına gələn turistlər yeni marşrutdan istifadə edəcək”.
Bu barədə APA TV-nin şimal bürosuna Şahdağ Milli Parkının Qusar bölməsinin direktor müavini Rəvayət Nəzərov məlumat verib. May ayının 15-dən etibarən “Ləzə-Cümhurriyət” zirvəsi marşrutu açılacaq. Artıq istiqamətləndirici məlumat lövhələrinin və kitabçaların hazırlanması prosesi gedir: “2020-ci ildə bizdə bütün marşrutlar üzrə turistlərin buraxılışı Ləzə buraxılış məntəqəsindən başlayır. Ən uzaq marşrutlardan biri Ləzə-Bazardüzü marşrutu olduğu üçün bu istiqamətdə hava şəraitindən asılı olaraq turistlərin istirahəti və dincəlməsi üçün Bazardüzünün ətəyində müasir binanın tikintisi nəzərdə tutulub”.
Şahdağ Milli Parkının Qusar bölməsində yerləşən Ləzə-Bazardüzü marşrutu istiqamətində turistlərin təhlükəsizliyini və rahatlığını nəzərə alaraq zirvənin ətəyində istirahət üçün müasir standartlara uyğun binanın tikintisi nəzərdə tutulub. 2019-cu ildə Şahdağ Milli Parkına 14000-dək turist gəlib.
Xatırladaq ki, noyabrın 14-dən mayın 15-ə kimi Şahdağ Milli Parkının Qusar ərazisinə düşən hissəsinə turist girişinə icazə verilmir. Bu, dağlardakı əlverişsiz hava şəraiti ilə əlaqələndirilir. Milli Parkın digər rayonlarda yerləşən ərazilərinə turistlərinin ziyarəti davam edir.