Türk Dövlətləri Təşkilatı: Qazaxıstana hər cür dəstək verməyə hazırıq

Türk Dövlətləri Təşkilatı Qazaxıstandakı vəziyyətlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

 

“Türk Dövlətləri Təşkilatına üzv dövlətlər olaraq baş verən son hadisələrin fonunda biz Qazaxıstanda sülh və sabitliyə əhəmiyyət verdiyimizi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik. Qardaş qazax xalqının sağlam düşüncəsinə və vəziyyətin normallaşmasını arzuladığına güvənirik. Qazaxıstan rəsmilərinin sülh yolu ilə gərginliyi azaltmaq, asayiş və sabitliyi yenidən bərpa etmək gücünə malik olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına lazım ola biləcək hər cür dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik. Hadisələrdə həyatını itirənlərə görə başsağlığı verir və yaralananlara şəfa diləyirik”.

 

Qazaxıstandakı hadisələrlə bağlı ÇİN Xarici İşlər Nazirliyi də münasibət bildirib. Çin XİN-in sözçüsü Vanq Venbin Qazaxıstanda baş verənləri bu ölkənin daxili işi adlandırıb:

 

“Çin və Qazaxıstan dost qonşular və hərtərəfli strateji tərəfdaşlardır. Qazaxıstanda baş verənlər bu ölkənin daxili işidir”, - deyə Vanq Venbin bildirib.

 

XİN sözçüsü Qazaxıstanda sabitliyin tezliklə bərpa olunacağına ümid etdiyini vurğulayıb.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov da NATO-Rusiya Şurası iclası, Qazaxıstan, Bosniya və Herseqovina və Cənubi Qafqazdakı aktual proseslər barədə fikir mübadiləsi aparıblar.

 

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop isə “Twitter” hesabında Qazaxıstanda baş verən hadisələrlə bağlı paylaşım edərək hadisələri yaxından və kədərlə izlədiklərini vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv