“Türk Şurası koronavirusla bağlı Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat oldu” – EKSPERT RƏYİ
“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının ilk beynəlxalq təşkilat kimi dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür”.
Bu fikirləri APA TV-yə açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr Komissiyasının katibi Elman Nəsirov deyib.
Görüşün əhəmiyyətinə diqqət çəkən Elman Nəsirov qeyd edib ki, dünyada heç bir beynəlxalq təşkilat dövlət başçıları səviyyəsində koronovirus pandemiyasına qarşı belə bir zirvə görüşü keçirilməyib: “Bu təşəbbüslə Azərbaycan dövləti və onun rəhbəri çıxış edib. Hesab edirəm ki, bu, tarixi addım kimi yadda qaldı. Zirvə görüşünün keçirilməsinin məqsədinə gəlincə, təşkilata sədrlik edən bir dövlət kimi Azərbaycanın üç mühüm prinsipi var. Bunlardan birincisi milli səviyyədə atılan addımlar haqqında təcrübə mübadiləsi etməkdir. Yəni Türk Şurasına daxil olan ölkələrin hər biri indiki şəraitdə bu pandemiyaya qarşı hansı addımları atıb, bu gün hansı addımları atır, görülən işlər nə qədər sistemli və ardıcıldır kimi meyarları ortaya qoyur. Bu təcrübə mübadiləsini etmək olduqca əhəmiyyətlidir”.
Zirvə görüşünün keçirilməsinin ikinci əsas elementinə diqqət çəkən Elman Nəsirov qeyd edib ki, dövlətlər lazımi anda bir-birinə dəstək verə bilməlidir: “Bu, çox önəmli bir məsələdir. Çünki ümumi səylərlə türk dövlətləri bu bəladan hifz ola bilərlər. Üçüncü ən vacib məsələlərdən də biri odur ki, türkdilli ölkələr türk xalqları arasında bu həmrəylik mühitini, dostluq-qardaşlı mühitini xüsusilə bugünkü reallıqlar fonunda daha da möhkəmləndirməlidir. Görün, bu, hazırkı dövr üçün nə qədər əhəmiyyətlidir. Cənab Prezident sədr olaraq Azərbaycanın milli səviyyədə koronovirus pandemiyasına qarşı atdığı addımlar haqqında qardaş dövlətlərin rəhbərlərinə məlumat verdi. Bununla da milli səviyyədə təcrübə mübadiləsinin əsasını qoydu. Qeyd olundu ki, Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar önləyici addımlar olub, profilaktik və sistemli addımlardır”.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva isə qeyd edib ki, Türk Şurasının Zirvə görüşünün keçirilməsi bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır: “Toplantı Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Azərbaycan hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edir. Məhz buna görə də Azərbaycanın dövlət başçısı təqdirəlayiq təşəbbüsü həyata keçirdi. Sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvləri ən yüksək səviyyədə təmsil olundu. Eyni zamanda ÜST-ün Baş direktoru da toplantıda iştirak etdi. Çünki toplantının da əsas mövzusu koronovirusla mübarizə kontekstində həmrəylik və əməkdaşlıq məsələləri idi. Tərəflər mövcud vəziyyəti, xüsusilə türkdilli dövlətlərin bu kontekstdə əməkdaşlıq məsələlərini, həyata keçirilən tədbirlərlə bağlı təcrübə mübadiləsini bölüşdülər. Cənab Prezident hər zaman olduğu kimi, çoxstrukturlu məsələlərə toxundu. Bu çıxışında ölkəmizdə pandemiya ilə mübarizə tədbirlərinə, həm ÜST-lə əməkdaşlığa, eyni zamanda bu beynəlxalq təşkilatın Azərbaycanda həyata keçirilən tədbirləri yüksək qiymətləndirməsi, həyata keçirilən sosial-iqtisadi tədbirlər planı, həmçinin səhiyyənin inkişafı ilə bağlı əhəmiyyətli məlumat verdi”.
“Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir” deyən Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib ki, indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı var: “Hazırda dünya ölkələri arasında beynəlxalq əməkdaşlıq yüksək önəm daşıyır. Çünki birlikdə bu virusun qarşısının alınması üçün daha effektiv tədbirlər görülə bilər. Azərbaycan elə ilk gündən koronovirusla mübarizəyə öz töhfəsini verib. ÜST-ün xəstəliklə mübarizə fonduna ölkəmiz yardım edib, bu xüsusda Azərbaycan ölkədaxili keçirilən tədbirlərin effektliliyini bir daha bölüşdü. Eləcə də beynəlxalq müstəvidə də həyata keçirilən tədbirlərə dəstəyimiz nümunəviliyin bariz göstəricisidir. Təsadüfi deyil ki, ÜST Azərbaycanın COVİD-19-la mübarizə kontekstində həyata keçirdiyi tədbirləri çox yüksək qiymətləndirilib”.
Leyla Abdullayeva bildirib ki, ölkəmiz beynəlxalq statistikada da COVİD-19-la bağlı həyata keçirilən testlərin sınağına görə mühüm yerdə qərarlaşıb.
XİN rəsminin sözlərinə görə, koronovirusla mübarizə tədbirləri başlayan ilk gündən məhz Azərbaycanın vasitəsi ilə türkdilli dövlətlərə yükdaşımalar uğurla gerçəkləşdirilib. Bu addım da ölkəmizin bu çətin dönəmdə beynəlxalq əməkdaşlığa verdiyi önəmli töhfələrdəndir.
Leyla Abdullayeva hesab edir ki, Zirvə görüşü iqtisadiyyat, ticarət və investisiyalar sahəsində əməkdaşlığı möhkəmləndirəcək, ölkələrimizin əməkdaşlığı səmərəli olacaq və xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına şərait yaradacaq.