Türk Ticarət və Sənaye Palatasının bəyanatı qəbul edilib

“Bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv ölkələrin rəhbərlərinin növbədənkənar iclasında türkdilli dövlətlərin bəyanatı qəbul olunub”.

 

APA TV-nin xəbərinə görə, bunu "Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü" mövzusuna həsr olunmuş Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətlərin rəhbərlərinin növbədənkənar iclasının nəticələrinə həsr olunan brifinqdə  Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib.

 

Onun sözlərinə görə, bəyanata əsasən, Azərbaycanın işğaldan azad olunan ərazilərinin  inkişafına yönələn proqram hazırlanacaq: "Proqram çərçivəsində kənd təsərrüfatı, turizmin inkişafı, türkdilli ölkələrin bu istiqamətdə təcrübəsi istifadə olunacaq. Burada həmçinin, qarşılıqlı investisiya qoyuluşu nəzərdə tutulur ki, bu istiqamətdə bu gün razılaşma əldə olunub. Türkiyədən sonra Özbəkistanla da aramızda ticarət dövriyyəsi pandemiyaya baxmayaraq artmaqdadır. Bu gün pandemiyaya baxmayaraq, Qırğızıstanın, Özbəkistanın Ticarət və sənaye palatasının rəhbəri Bakıdadır. Qazaxıstan onlayn qoşulub”.

 

Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat isə iş dünyasının təmsilçisi kimi, Ermənistanın hücumlarına qarşı Azərbaycana dəstək vermək üçün burada olduğunu deyib: “Cənab İlham Əliyevə də həmrəylik və dəstəyimizi ifadə etmək fürsəti tapdıq. Ermənistanın hücumları nəticəsində şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Azərbaycan Ordusunun uğurları bütün Türk dünyasına qürur verməkdədir. Biz Azərbaycanla əlaqələrə iki dövlət, bir millət anlayışı ilə baxırıq. Bu savaşdan Azərbaycan xalqının dastan yazaraq çıxacağına ürəkdən inanıram. Qəlbimiz və dualarımız sizinlədir. Yanınızdayıq. Qarabağ Azərbaycandır!”

 

Bu gün Azərbaycanın Türkiyəyə ən çox yatırım edən ölkələrdən biri olduğunu deyən Mustafa Rifat onu da qeyd edib ki, hazırda Azərbaycandakı türk iş adamlarının yatırımları 10 mlrd. ABŞ dolları civarındadır.

 

Daha sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının cəbhəyə yardım maşını yola düşüb:

 

Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat bununla Ordumuza dəstək olmaq istədiklərini bildirib: “Türk Şurası azərbaycanlı qardaşlarımıza dəstək olaraq olsun 1 yük maşını zəruri tələbat mallarını cəbhəyə göndərib. Bu gün beş dövlət, bir millətik. Beş ölkənin prezidentlərinə buradan təşəkkür edirəm. Qarabağın tezliklə Azərbaycana qovuşacağına əminik. Zəfər bayrağını ən qısa zamanda Qarabağa sancacağıq”

 

Deputat Qənirə Paşayeva isə Ordumuza dəstək olan hər kəsə minnətdarlığını bildirib: “Biz qardaş Özbəkistana, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan, Türkmənistan, Pakistana və Azərbaycanın ədalətli haqq davasının yanında olan bütün ölkələrə təşəkkür edirik. Bu mübarizəyə bizim yeni “Çanaqqalamız” deyirik, çünki biz haqsızlıqlara, ədalətsizliklərə qarşı mübarizə aparırıq. İşğalçı Ermənistanın yanında duranlara qarşı mübarizə aparırıq”.

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Ömər Kocaman isə türk xalqlarının hər zaman Azərbaycana dəstək olduqlarını qeyd edib: “Azərbaycanın haqlı davasında Türk Şurası, türk xalqları Azərbaycanın yanında durmağa davam edəcək. Azərbaycanlı şəhidlərə Allahdan rəhmət diləyirəm. Yaralılara isə tez sağalmalarını arzu edirəm”.

 

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv