Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Gəncəyə səfər edib
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, onun müavini Qismət Gözəlov və Xarici İşlər Nazirliyinin (XİN) ikinci Avropa idarəsinin rəisi İlqar Muxtarov Gəncə şəhərinə səfər ediblər.
APA TV-nin yerli bürosunun xəbərinə görə, onlar Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla birlikdə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılmış evlərə baş çəkiblər.
Bağdad Amreyev və digərləri vəziyyətlə yerində tanış olublar.
Jurnalistlərə açıqlama verən Baş katib münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə tərəfdar olduğunu da vurğulayıb. O, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin atəşə tutulmasını pisləyib: “Gəncə şəhəri hərbi əməliyyatların aparıldığı münaqişə zonasından uzaqda yerləşir. Mülki əhali atəşə tutulmamalıdır. Buna heç nə ilə haqq qazandırmaq olmaz. Biz bunu qətiyyətlə pisləyirik və beynəlxalq ictimaiyyəti də Gəncədə baş verənləri pisləməyə çağırırıq. Raket zərbələri nəticəsində yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verirəm, yaralılara isə şəfa diləyirəm”.
Bağdad Amreyev hərbi əməliyyatlar başlayandan bəri hadisələrin inkişafını diqqətlə izlədiklərini bildirib: “Müharibə davam edir. Bu müharibə Azərbaycan və qardaş Azərbaycan xalqı üçün ədalətli müharibədir, azadlıq, vətən müharibəsidir. Biz bu müharibədə Azərbaycanın yanındayıq. Dost Azərbaycana sülh və qələbə arzulayırıq”.
BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsini xatırladan Bağdad Amreyev ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, xüsusən də Türk Şurasının Ermənistanın işğalı altında olan ərazilərini azad etmək üçün mübarizə aparan Azərbaycana dəstək ifadə edən qərarlar qəbul etdiyini qeyd edib.