Türkiyə film sənayesi dünyanı necə fəth edir?
Ölkələr və cəmiyyətlər tarixdə iz qoymaq üçün bir-biriləri gizli və aşkar şəkildə yarışıblar. Məsələn yunan mədəniyyəti filosoflar, elm adamları ilə, türk dövlətləri strateqlər, döyüşçülər yetişdirməklə, Çin mədəniyyəti müxtəlif ixtiralarla yaddaşlarda qalıblar. Ötən əsr isə ölkələr daha çox silah-sursat kəşfinə diqqət ayırdı desək, yanılmarıq. Bütün cəmiyyətlərdə bir gizli silah da var ki, buna ideologiya deyilir.
Ötən əsrdə bu gizli silahdan da az istifadə edilmədi. Məsələn, SSRİ dönəmində ölkənin ideologiyasını dünyaya yaymaq üçün kino sənayesinin bacarıqlarında maksimum dərəcədə istifadə etməyə qərar verildi. Buna “Mosfilm” studiyalarının məhsullarını nümunə gətirmək olar. Bəzən isə bu vasitədən tarixi köklərindən uzaqlaşmış xalqların özünə qaytarılması və ya cəmiyyətin nəcib xarakterini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün istifadə olunur. Buna Türkiyə kino sənayesinin son illərdə çəkdiyi filmləri və serialları misal göstərmək olar.
Bir neçə il əvvəl İstanbulun fəthi ilə əlaqədar çəkilən “Fetih-1453” demək olar ki, bütün dünyaya səs saldı. Filmin çəkilməsinə qarşı çıxan, hətta ölkələrində izlənməsinə qadağa qoyan hökumətlər də oldu. Lakin qısa müddətdə Yaxın şərq, Qafqaz, Balkan ölkələrində, Amerika kinoteatrlarında böyük anşlaqla izləndi.
“Fetih-1453” haqda qısa onu demək olar ki, film təkcə İstanbulun alınma tarixini deyil, İstanbulu alan Osmanlı padşahı Fatih Sultan Mehmetin uşaqlığından ta fatehliyinədək bir dövrü əhatə edir. Filmin çəkilişlərində 15 min köməkçi aktyor oynayıb, dekor hazırlıqları aylar sürüb, təkcə son fəth səhnəsinin hazırlıqları 10 ay çəkib, fəth mərhələsi 11 həftə sürüb. İstifadə olunan kostyumlara 44 min metr parça işlənilib, film 3 illik hazırlıqla 17 milyon dollara çəkilib və Türkiyə kino tarixində bu, rekord rəqəmdir. Berlin Beynəlxalq Film Festivalında “Fetih-1453”ün yalnız 10 dəqiqəsinə baxan Universal Studiyaları filmin Avropada yayımını öz üzərinə götürən Kinoster vasitəsiylə Aksoy filmə təklif göndərib, filmin Avropada yayılma haqlarını istəyib. Bundan başqa, beynəlxalq film reytinqlərində irəlidə olan Birinci dünya müharibəsindən bəhs edən “Çanakkale Yolun Sonu”, “Çanakkale 1915”, “Osmanlı Subayı”, “Sarıkamış 1915” filmləri, 1950-ci ildə Güney Koreyada baş verən müharibə ilə əlaqədar çəkilən “Ayla”, Osmanlı tarixinindən bəhs edən “Türkler Geliyor: Adaletin Kılıcı”, “Son Osmanlı Yandım Ali”, “Diriliş Ertuğrul” və s. kimi filmləri misal göstərmək olar. Təbii ki, Türkiyə filmlərindən danışarkən, illər öncə çəkilən və hələ də obrazları yaddaşlardan çıxmayan seriallardan yan keçmək olmazdı. 2019-cu ilin üçün elan edilən statistikaya görə,Türkiyə seriallarına dünyanın 140-dan çox ölkəsində 400 milyondan çox tamaşaçı baxıb və dünya üzrə serial ixracında ABŞ-dan sonra ikinci yeri tutub. Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, Türkiyə təkcə 2015-ci ildə xaricə teleserial satışından 250 milyon dollar qazanıb. Halbuki 2004-cü ildə bu rəqəm cəmi 10 min dollar idi. Hesablamalara görə, Türkiyə serialları 2025-ci ilədək ildə 2 milyard dollardan çox gəlir götürəcək.
“Interpress Media Services”in 2017 hesabatına görə isə Türkiyə teleserial satışlarından 350 milyon dollar əldə edib. Belə ki, Latın Amerikası ölkələrində ən çox baxılan 15 teleproqram və teleşou arasında 4 türk serialı var. Paradoksdur ki, illər əvvəl Braziliya və Meksika istehsalı olan teleseriallar Türkiyədə reytinq rekordları vururdusa, indi həmin ölkələrdə türk serialları reytinq rekordçularıdır. Hesabata görə, Yaxın Şərq ölkələrində əsasən çağdaş və zəngin həyatdan bəhs edən seriallara baxırlarsa, Latın Amerikasındakı tamaşaçılar tarixi dramlara üstünlük verirlər. Avropa ölkələrində Türkiyədə çəkilmiş tematik serialları sevilir. Hesabatda o da qeyd olunub ki, hazırda dünyada ən populyar Türkiyə serialı “Kurtlar vadisi”, “Kurtlar vadisi pusu”, “Muhteşem Yüzyıl”dır. Sonrakı yerləri “Fatmagül’ün Suçu Ne”, “Binbir Gece”, “Aşk-ı Memnu”, “Sıla”, “Öyle Bir Geçer Zaman Ki”, “Gümüş”, “Adını Feriha Koydum”, “Aşk ve Ceza” teleserialları gəlir.
2020-ci il üçün açıqlanan dünyanın ən çox baxılan serialları hesabatında “Sefirin Kızı” serialı ilk üçlükdə olub. Hazırda dünyada hələ də izlənməkdə olan Türkiyə istehsallı 30-dan çox serial var. Sonda isə onu demək olar ki, kino sənayesi həm ölkənin tarixini dünyaya yenidən tanıdır, həm ölkənin mədəniyyətini inkişaf etdirir, həm də ölkəyə milyonlarla dollar sərvət gətirir.