Türkiyə nümayəndə heyəti Füzulidə - APA TV

Türkiyənin Azərbaycandakı səfiri, Türkiyə Çorum Bələdiyyəsinin sədri və nümayəndə heyəti işğaldan azad olunmuş Füzuli rayonuna səfər edib.

 

APA TV-nin yerli bürosu xəbər verir ki, qonaqları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov müşayiət edib. Səfər zamanı qonaqlar Füzulidə erməni vəhşiliyi nəticəsində törədilən dağıntılara, yerlə-yeksən edilən yurd yerlərinə baxış keçiriblər.

 

Nümayəndə heyəti həmçinin Merdinli məscidinin dağıntıları ilə tanış olublar. Onlara məlumat verilib ki, işğal zamanı ermənilər digər dini abidələr kimi Merdinli məscidini də heyvanların saxlanc yeri üçün istifadə edib. Daha sonra qonaqlar Köndələnçay Su anbarına gediblər. Ermənilərin törətdiyi ekoloji terror barədə türkiyəli qonaqlara məlumat verilib.

 

Daha sonra qonaqlar Füzuli şəhərinin mərkəzində olublar. Burada onlara yerlə-yeksan edilən şəhər barədə məlumat verilib. Həmçinin azad olunan ərazilərdə yerinə yetirilən tikinti-quruculuq işləri ilə tanışlıq olub.

 

Səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanında Füzuli və Türkiyənin Çorum şəhərlərinin Qardaşlaşma sənədi imzalanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv